Elmi-tədqiqat sahəsində xarici tərəfdaşlıq – 2021

Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları, tədris müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün əməli addımlar atılmış, səmərəli əməkdaşlığı əhatə edən bir sıra memorandumlar imzalanmışdır.
05.07.2021-ci ildə Türkiyə Respublikası Ədliyyə Akademiyası Başkanı Muhittin Özdəmirin Azərbaycana rəsmi səfəri çərçivəsində Mərkəz ilə Akademiya arasında “Hüquq sahəsində tədris və tədqiqat fəaliyyəti ilə prokuror və prokuror vəzifəsinə namizədlərin təliminə yönəlmiş əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır. Tədbir çərçivəsində Türkiyənin nümayəndə heyəti yeni inzibati binalar kompleksi ilə və Mərkəzin fəaliyyəti ilə tanış olaraq, qarşılıqlı əməkdaşlıq üzrə görüləsi tədbirlər planlaşdırılmışdır.
31.05.2021-ci ildə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru cənab Bəkir Şahinin Azərbaycana rəsmi səfəri zamanı onun rəhbərlik etdiyi nümayəndə heyəti üçün Mərkəzin funksional təyinatı, imkanları və texniki təchizatı ilə əlaqədar təqdimat keçirilmişdir.
23.09.2021-ci ildə Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında” Memorandum imzalanmışdır. Səfər zamanı Baş prokuroru müşahidə edən Mübariz Əhmədov MDB-nın baş prokurorlarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarının rəhbər şəxslərinin görüşlərində, eləcə də mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında faydalı müzakirələrində iştirak etmişdir.
16.11.2021-ci ildə “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Belarus Respublikası İstintaq Komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında” Memorandum imzalanmışdır. Tədbir çərçivəsində Belarus İstintaq Komitəsinin sədri Dmitri Qoranın rəhbərlik etdiyi nümayəndə heyəti üçün Mərkəzin fəaliyyəti ilə əlaqədar təqdimat keçirilmiş, eləcə də qonaqlar Baş prokurorun yanında Elmi-Məsləhət Şurasının iclasında iştirak etmişlər.
2021-ci ilin 5 – 8 oktyabr tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyi ilə təşkilata üzv dövlətlərin hakim və prokurorlarının tədris müəssisələrinin keçirilmiş ilk iclasında Mübariz Əhmədov iştirak edərək, prokurorluq orqanlarında həyata keçirilən islahatlar, eləcə də Mərkəzin fəaliyyəti barədə təqdimat etmişdir. Tədbir iştirakçıları Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamid Gül, Ali Məhkəmənin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, eləcə də digər dövlət rəsmiləri tərəfindən qəbul edilmiş, ədalət mühakiməsi sahəsində ən mühüm təsisatların fəaliyyəti ilə yaxından tanış olmuşlar.
2021-ci ilin 17 – 27 oktyabr tarixlərində təcrübə mübadiləsinin aparılması üçün Ankara şəhərinə ezam olunmuş Fərid Dadaşovun rəhbərliyi ilə prokuror işçiləri Türkiyə Ali Məhkəməsinin Sədri və Baş prokuroru ilə görüş keçirmişlər, bu qurumların inzibati kompleksləri ilə tanış olmuşlar. Həmçinin səfər çərçivəsində Ankara Ədliyyəsi, Ankara Bölgə Ədliyyə Məhkəməsi, Türkiyə Ədalət Akademiyasında təşkil olunmuş seminarlarda iştirak edərək Türkiyə hüquq sistemi ilə bağlı geniş məlumatlar əldə etmişlər, Sincan Qapalı Cəza İcra Qurumunda olarkən isə Türkiyə hüquq sistemində cəzaların icrası zamanı prokurorluq əməkdaşlarının fəaliyyəti ilə bağlı ətraflı məlumat almışlar.
Rusiya Federasiyasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında” 24.06.2019-cu il tarixli Saziş çərçivəsində Mərkəzin Rusiya Federasiyası Prokurorluğunun Universiteti ilə əməkdaşlıq edəcəyi qərara alınmışdır.
23.04.2021-ci ildə Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Cybereast” layihəsi çərçivəsində internet üzərindən keçirilmiş “Kibercinayətkarlıq üzrə Budapeşt Konvensiyasına uyğun olaraq cinayət prosessual qanunvericiliyində islahatlar” mövzusunda seminarda Nigar Qələndərli və Nigar Əskərova iştirak edərək, sonuncu mövzu ilə bağlı bir sıra təkliflər irəli sürmüşdür.
26.05.2021-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 100 illik yubileyinə həsr edilmiş “Müasir dövrdə daxili işlər orqanları üçün kadr hazırlığını həyata keçirən xüsusi təyinatlı ali təhsil müəssisələri: mövcud vəziyyət və perspektivləri” adlı beynəlxalq elmi-praktiki videokonfransda Mübariz Əhmədov, Talıb Cəfərov və Çingiz Əli-zadə iştirak edərək, Mərkəz rəisi salamlama nitqi ilə çıxış etmişdir.
2021-ci ilin 26 – 27 may tarixlərində Türkiyə Ədalət Akademiyası tərəfindən internet üzərindən keçirilmiş “Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi cinayətlərinə qarşı mübarizəyə dair” beynəlxalq kollokviumda Fərid Dadaşov iştirak etmişdir.
27.05.2021-ci ildə “Cybereast” layihəsi çərçivəsində videokonfrans formatında Milli Məhkəmə Təlimçiləri Beynəlxalq Şəbəkəsinin “Məlumatların qorunması və kibercinayətlər” mövzusunda keçirilmiş təcrübi seminarda Nigar Əskərova iştirak etmişdir.
27.05.2021-ci ildə Özbəkistan Respublikasının Baş Prokurorluğu Akademiyasının yaradılmasının 3-cü il dönümünə həsr edilmiş “Müasir hüquq elmi və təhsil: aktual problemlər və onların həlli yolları” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki videokonfransda Talıb Cəfərov iştirak edərək salamlama nitqi ilə çıxış etmişdir.
08.06.2021-ci ildə Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində “Qadınların ədalət mühakiməsinə çatımlılığı” üzrə HELP kursunun distant formada açılış tədbirində Ruslan Ağayev və Sarıtel Əliyeva iştirak etmişlər.
22.06.2021-ci ildə Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə internet üzərindən həyata keçirilən “Milli qanunvericilikdə elektron sübutların toplanması və götürülməsi” mövzusunda 5-ci seminarda Nigar Əskərova iştirak etmişdir.
2021-ci ilin 23 – 24 iyun tarixlərində Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanları Akademiyasının təşkilatçılığı ilə internet üzərindən “Cinayət işləri üzrə beynəlxalq hüquqi əməkdaşlıq” mövzusunda keçirilmiş seminarda Yelena Qasımova iştirak etmişdir.
Avropa Şurasının Kibercinayətkarlıq Proqram Ofisi (C-PROC) tərəfindən internet üzərindən təşkil olunmuş 08.07.2021-ci ildə “Beynəlxalq Məhkəmə Təlimçiləri Şəbəkəsi” adlı seminarda, 28.10.2021-ci ildə Məhkəmə Təlimçilərinin Beynəlxalq Şəbəkəsinin Rəhbər Komitəsinin ikinci koordinasiya seminarında Nigar Əskərova, 03.11.2021-ci ildə isə “Cinayət prosesində elektron sübutlar və kibercinayətlərin araşdırılması üsulları” mövzusunda keçirilmiş təlimdə Nigar Əskərova ilə yanaşı Rauf Abdullayev və Ayxan Kazımov iştirak etmişlər.
18 – 20 noyabr 2021-ci il tarixlərində Ukrayna Baş Prokuroru Ofisinin təşəbbüsü ilə Kiyev şəhərində təşkil edilən, 25 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi Kibertəhlükəsizlik mövzusunda Beynəlxalq Forumda Mübariz Əhmədov iştirak etmişdir. Səfər çərçivəsində Ukrayna Prokurorluğunun Elm-Tədris Mərkəzinin direktoru Olesia Otradnova ilə işgüzar görüş keçirilmiş, Mərkəzin fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilmiş, hər iki ölkənin prokurorluq orqanları arasında elm-tədris sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılmışdır.
16.12.2021-ci ildə Özbəkistan Respublikası Prokurorluğunun 30 illik yubileyi ərəfəsində təşkil edilmiş “Özbəkistan Prokurorluğu: dünən, buğun və sabah” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Mübariz Əhmədov və Talıb Cəfərov onlayn iştirak edərək, Mərkəzin rəisi çıxış etmişdir.