Prokurorluq işçiləri CyberEast layihəsi üzrə beynəlxalq təlimdə iştirak etmişlər

Prokurorluq orqanlarında işçinin peşə hazırlığının təkmilləşdirilməsi, xarici ölkələrin təcrübəsinin öyrənilməsi və qazandığı biliyi təcrübədə tətbiq etməsi üçün beynəlxalq təlimlərin imkanlarından faydalanılır.
Bu qəbildən olan tədbirlər sırasında Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən CyberEast və CyberSecurity layihələri xüsusi əhəmiyyət kəsb edir.
Cari ilin 26 – 27 sentyabr tarixlərində Bakı şəhərində yerləşən “Park İnn” otelində bu layihələr üzrə 50 beynəlxalq səviyyəli ekspertin iştirakı ilə təlim təşkil edilmişdir.
Təlimin başlıca məqsədi – İnsidentlərə Cavab Komandaları (CSIRT) ilə Şərq Tərəfdaşlığı dövlətlərin hüquq-mühafizə orqanları arasında əlaqələrin qurulması, eləcə də hər il nəşr olunan və kibercinayətkarlıqla bağlı təhlükələrə dair ən son məlumat və tapıntıları ehtiva edən hesabatların İOCTA-ya təqdim olunmasında yol verilən çatışmazlıqların müzakirəsi olmuşdur.
Təlimdə digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, prokurorluq işçiləri də iştirak etmişlər. Tədbir çərçivəsində təlim iştirakçılarına Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova və Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov prokurorluğun bu sahə ilə bağlı maarifləndirmə işləri barəsində ətraflı məlumat vermişlər.
Tədbir zamanı kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, müxtəlif ölkələrdə kibercinayətlərin araşdırılması standartları, bu növdən olan cinayətlərin istintaqı zamanı istintaq orqanları ilə CSİRT arasında rəsmi və qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında da müzakirələr və iştirakçılar arasında faydalı təcrübə mübadiləsi aparılmışdır.