“İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” mövzusunda II beynəlxalq elmi-praktiki konfrans

Prokurorluq orqanlarında peşə hazırlığının təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə digər ölkələrin hüquq üzrə ali və ixtisaslaşmış təhsil müəssisələri, eləcə də hüquq mühafizə orqanları ilə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün əməli addımlar atılır, qarşılıqlı əməkdaşlığı əhatə edən memorandumlar imzalanır, birgə tədqiqatlar aparılır, tədris sahəsində yeni təhsil model və metodların tətbiqi təmin edilir.
Bu kimi tədbirlərə Belarus Respublikası İstintaq komitəsinin dəvətinə əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərovun və İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Teymur Qarayevin 23 iyun 2022-ci il tarixdə Minsk şəhərində iştirak etdikləri “İstintaq fəaliyyəti: elm, təhsil, təcrübə” mövzusunda II beynəlxalq elmi-praktiki konfransı aid etmək olar.

Konfrans Belarus milli kitabxanasında keçirilərək, tədbirdə yerli dövlət, məhkəmə və hüquq mühafizə orqanlarının, ali və hüquq sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin, habelə Rusiya hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər. Konfransı Belarus Respublikası İstintaq komitəsinin sədri Dmitriy Qora açıq elan etdikdən sonra, konfransa dəvət olunmuş Rusiya Federasiyasının İstintaq komitəsinin sədri Aleksandr Bastrıkin, Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibinin müavini Aleksandr Raxmanov və digər vəzifəli şəxslər təbrik nitqi ilə çıxış etmişlər.
Konfrans iştirakçıları öz məruzələrində istintaq və təhsil sahələrində tətbiq edilən yeni üsul, metod və texnologiyalar barədə geniş məlumatlar vermişlər, qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmüşlər. Digər natiqlərlə yanaşı, Talıb Cəfərovun rus dilində “İbtidai istintaq kadrlarının peşə hazırlığında situasiya təhlili metodu (case study)” adlı məruzəsi konfrans materiallarında dərc edilərək, Mərkəzin fəaliyyətinin təqdimatı video formatda tədbir iştirakçıları üçün nümayiş etdirilmişdir. Tədbir başa çatdıqdan sonra səslənilmiş fikirlər ətrafında konfrans iştirakçıları tərəfindən müzakirələr aparılmış, tədbirin ümumi nəticələri qiymətləndirilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Belarus Respublikası İstintaq komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında” imzalanmış Memoranduma əsasən Baş Prokurorluğun nümayəndə heyəti 24 iyun 2022-ci il tarixdə İstintaq komitəsinin institutunun funksional təyinatı, imkanları və texniki təchizatı ilə tanış olmuşlar, tərəflər arasında təcrübə mübadiləsi aparılaraq tədris prosesində tətbiq olunan yeniliklər diqqətə çatdırılmış, xatirə suvenirləri və bu qurumlar tərəfindən hazırlanmış yeni kitablar mübadilə edilmişlər.

Mədəni tədbirlər çərçivəsində Belarus milli kitabxanası ilə tanış olunaraq, səfər iştirakçıları üçün Qədim kitablar qalereyasına və Böyük vətən müharibəsinin tarix muzeyinə ekskursiya təşkil edilmişdir. Səfərin yekununda qərara alınmışdır ki, bir sıra aktual mövzular üzrə birgə tədris tədbirlərinin təşkili istiqamətində qarşılıqlı fəaliyyət davam etdirilsin.