“Müasir hüquq elmi və təhsil: aktual problemlər və onların həlli yolları” beynəlxalq elmi-praktiki konfrans

Özbəkistan Respublikasının Baş Prokurorluğu Akademiyasının dəvətinə əsasən 27.05.2021-ci ildə “Müasir hüquq elmi və təhsil: aktual problemlər və onların həlli yolları” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki video-konfransda Azərbaycan Respublikasının Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərov iştirak etmişdir.
Konfrans həmin Akademiyanın yaradılmasının 3-cü il dönümünə həsr edilmiş, internet üzərindən Zoom proqramı vasitəsilə canlı rejimdə keçirilmiş, konfransda yerli dövlət orqanların nümayəndələri ilə yanaşı, BMT-nin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, diplomatik korpusların və sair beynəlxalq təşkilatların, habelə 20 dövlətin məhkəmə və hüquq-mühafizə orqanlarının və hüquq təhsil müəssisələrinin 100-dən artıq nümayəndəsi iştirak etmişdir.
Konfransın məqsədi – tədris prosesinə innovativ yanaşmaların müzakirəsi üçün platformanın yaradılması, müasir çağırışlar nəzərə alınmaqla hüquq mühafizə sahəsində kadr hazırlığı üzrə təcrübə mübadiləsi, eləcə də korrupsiyaya, çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartların implementasiyası üzrə tövsiyələrin hazırlanması olmuşdur.
Özbəkistan Respublikasının Baş Prokurorluğu Akademiyasının rəisi Yevqeniy Kolenko konfransı açıq elan etdikdən və Özbəkistan Respublikası Baş prokurorunun müavini Erkin Yuldaşevin çıxışından sonra konfransa dəvət olunmuş şəxslərə təbrik nitqi üçün söz verilmiş, Talıb Cəfərov salamlama nitqində peşəkar kadrların hazırlığında bu kimi beynəlxalq tədbirlərin keçirilməsinin rolunu və əhəmiyyətini vurğulamış, konfrans çərçivəsində iştirakçılar Akademiyanın imkanları, onun portfoliosu ilə, kompetensiya diaqnostikasının və direktiv kursların keçirilməsi qaydası ilə tanış edilmiş, tədbirin mövzusu ətrafında hüquq sahəsində tanınmış alimlərin fikirləri eşidilmiş və müzakirələr aparılmışdır.