MODERATORLUQ

“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemi – 2021

Baş Prokurorluğun Elektron Kitabxanası Baş prokuror tərəfindən 22.06.2021-ci il tarixdə təsdiq edilmiş Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin iş planına əsasən hazırlanmış və Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 16.11.2021-ci il tarixli iclasında təqdimatı keçirilmişdir.
Kitabxananın yaradılması ilə əlaqədar ilk öncə ölkəmizdə və qabaqcıl xarici dövlətlərdə fəaliyyət göstərən müasir elektron kitabxanalarının quruluşu və fəaliyyət prinsipləri öyrənilmiş, Baş Prokurorluğun kitabxanasının kitab fondunda kağız formatında saxlanılan nadir nəşrlərin rəqəmli daşıyıcılara köçürülməsinə, eləcə də internet və digər vasitələrlə yeni elektron nəşrlərin əldə olunmasına start verilmişdir. Növbəti mərhələdə Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru tərəfindən müasir tələblər və Azərbaycan Respublikası keçmiş Mədəniyyət və Turizm Nazirliyinin tövsiyə etdiyi kitabxana-biblioqrafiya təsnifatı nəzərə alınaraq, Elektron Kitabxananın texniki tapşırığı müəyyən edilmiş, onun proqram təminatı yaradılmış, interfeys dizaynı, menyusu, təsnifat bölgüsü, axtarış parametrləri və digər komponentləri müəyyənləşdirilmişdir. Baş Prokurorluğun Elektron Kitabxanası bir çox elektron kitabxanalardan aşağıdakı imkanlarına görə fərqlənir:

  • nəşrlərin təsnifat bölgüsünün prokurorluğun fəaliyyətinə uyğun olması;
  • nəşrlərin ətraflı axtarış sisteminin olması;
  • nəşrlərin annotasiyasının və ya bütöv mətninin birbaşa oxunulması və yüklənməsi;
  • nəşrlərin annotasiya mətinlərində olan sözlər üzrə və müəlliflərin soyadı üzrə nəşrlərin sistemləşdirilmiş axtarışının aparılması;
  • interfeysdə son daxil edilmiş, yeni nəşr edilmiş və ən çox oxunan nəşrlərin ayrıca təsvir olunması;
  • interfeysdə kitab və maarifləndirmə ilə bağlı dahi insanların sitatlarının yer alması;
  • interfeysdə statistik məlumatların, o cümlədən nəşrlərin, müəlliflərin və oxucuların sayının göstərilməsi;
  • interfeysdə tərəfdaş kitabxanalara və digər faydalı saytlara keçid üçün linklərin qoyulması.

Hazırda Elektron Kitabxananın bazasına artıq 400-dən çox nəşr daxil edilib və bu proses davam etməkdədir. Bu kitabxanadan prokurorluq işçiləri ilə yanaşı digər istifadəçilərin faydalanması üçün Baş Prokurorluğun rəsmi saytında ona keçid linkinin qoyulması planlaşdırılır. Kitabxanada olan idarədaxili məqsədlər üçün nəzərdə tutulmuş və istifadəsi açıq olmayan nəşrlərə buraxılış əldə olunması isə qeydiyyat proseduru əsasında həyata keçiriləcəkdir.