MODERATORLUQ

İnformasiya kommunikasiya texnologiyaların tətbiqi – 2021

“Distant Tədris” platforması

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin www.etmprok.az adlı alt-domenində yerləşən “Distant tədris” platformasına Zoom, Skype və Teachbase proqramlarının inteqrasıya  prosesində ilk öncə Mərkəzdə tədrisin distant formada keçirilmə təcrübəsinə əsaslanaraq, Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsi tərəfindən tədbirin həlli qaydası barədə sifariş hazırlanmışdır. Növbəti mərhələdə İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru tərəfindən sifarişdə olan tələblər nəzərə alınaraq, “Distant tədris” platformasına dəyişikliklər edilməsi üçün onun proqram təminatı təkmilləşdirilmiş və bu platformaya qeyd olunan proqramlar inteqrasıya edilmişdir. Eyni zamanda şöbə və sektorun birgə səyləri nəticəsində Mərkəzin alt-domeninin interfeysinin dizaynı yenilənmiş, platforma və orada olan proqramlardan istifadəyə dair Təlimat hazırlanmış, tədrisin distant formada, xüsusən sərbəst rejimdə təşkili üçün daha səmərəli şərait yaranmışdır.

“Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemi

Tədrisin səmərəli təşkili üçün xüsusi əhəmiyyət kəsb edən bu informasiya sistemi hazırlıq prosesində bir neçə dəfə sınaqdan keçirilmiş, sistem yüksək istehlak göstəricilərinə malik proqram təminatı ilə təmin edilmiş, onun interfeysi müasir dizayn üslubuna uyğunlaşdırılmış, sistemdən istifadəyə dair Təlimat tərtib edilmişdir. Tədris tədbirləri, təlimçilər və dinləyicilər barədə məlumatları, eləcə də məşğələ materiallarını bu sistemin məlumat bazasına daxil etməklə, həmin məlumatların müxtəlif parametrlər üzrə səmərəli və asanlıqla sistemləşdirmək, məsafədən məlumatlardan istifadə və idarə etmək, təlimçilərin və mövzuların düzgün seçimini həyata keçirmək, dinləyicilərin dairəsini düzgün müəyyən etmək, bu sahədə təhlillərin daha səmərəli aparmaq üçün elektronlaşdırılmış imkan yaranmışdır. Informasiya sistemindən istifadə yalnız idarədaxili məqsədlər üçün nəzərdə tutulduğundan, onun məlumat bazasına buraxılış əldə etmək üçün Elm-Tədris Mərkəzinin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunda müvafiq qeydiyyatdan keçmək lazımdır. Təyinatı nəzərə alınaraq bu informasiya sisteminin fəaliyyətinə məsul qurum kimi Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsi müəyyən edilib (moderator Çingiz Əli-zadə). Artıq onun məlumat bazasına Mərkəzin struktur dəyişikliyindən sonra təşkilində və keçirilməsində iştirak edilmiş 14 tədris tədbirinin sənədləri və məlumatları daxil edilmişdir.

“Elektron Kitabxana” informasiya sistemi

“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemi Elm-Tədris Mərkəzinin iş planına əsasən hazırlanmış və Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 16.11.2021-ci il tarixli iclasında təqdimatı keçirilmişdir. Kitabxananın yaradılması ilə əlaqədar ilk öncə ölkəmizdə və qabaqcıl xarici dövlətlərdə fəaliyyət göstərən müasir elektron kitabxanalarının quruluşu və fəaliyyət prinsipləri öyrənilmiş, Baş Prokurorluğun kitabxanasının kitab fondunda kağız formatında saxlanılan nadir nəşrlərin rəqəmli daşıyıcılara köçürülməsinə, eləcə də internet və digər vasitələrlə yeni elektron nəşrlərin əldə olunmasına start verilmişdir. Növbəti mərhələdə Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru tərəfindən müasir tələblər və tövsiyə olunan kitabxana-biblioqrafiya təsnifatı nəzərə alınaraq, “Elektron Kitabxana”nın texniki tapşırığı müəyyən edilmiş, onun proqram təminatı yaradılmış, interfeys dizaynı, menyusu, təsnifat bölgüsü, axtarış parametrləri və digər komponentləri müəyyənləşdirilmişdir. Hazırda “Elektron Kitabxana”nın bazasına artıq 430 nəşr daxil edilib və bu proses davam etməkdədir.

“Normativ Xarakterli Hüquqi Sənədlərin Reyestri” informasiya sistemi

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 20.15-ci bəndinə əsasən Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi prokurorluğun normativ xarakterli hüquqi sənədlərinin elektron bazasının müntəzəm olaraq yenilənməsinə və işçi vəziyyətdə saxlanılmasına nəzarət edir. “Normativ Xarakterli Hüquqi Sənədlərin Reyestri” informasiya sisteminə texniki inzibatçılıq isə sistemi hazırlamış və onun üzərində vaxtaşırı təkmilləşdirmə işləri aparan Elm-Tədris Mərkəzinin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru həyata keçirir. 2021-ci il ərzində sisteminin məlumat bazasına 16 məhkəmə qərarı və 22 prokurorluq aktı əlavə olunmuş, bazada olan 18 akta isə dəyişiklik edilmişdir. Hazırda həmin bazada 671 sənəd vardır (prokurorluğun və prokurorluğun fəaliyyətinə aid 526 ədəd normativ xarakterli akt, eləcə də Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmə Plenumlarının 145 qərarı). Qeydiyyatdan keçməklə 860 nəfər prokurorluq işçisi bu sistemin imkanlarından səmərəli istifadə edir. İstifadəçilərin və sistemdə olan sənədlərin sayı artmaqla, istifadəçiləri maraqlandıran suallara internet üzərindən sistem vasitəsilə ətraflı cavab verilir, təkliflər nəzərə alınmaqla sistem üzrə yenilənmə işləri davam etdirilir.