MODERATORLUQ

İnformasiya kommunikasiya texnologiyaların tətbiqi – 2020

“Xüsusi Məlumatlar” informasiya sistemi

Xüsusi Məlumatlar” informasiya sistemi üzrə texniki inzibatçılıq cari ilin oktyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinə təhvil verilmişdir. Həmin dövrə qədər bu proqrama texniki xidmət Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun əməkdaşları tərəfindən göstərilmiş və hazırda da müəyyən maarifləndirmə işləri davam etdirilir. Belə ki, hesabat dövründə bu informasiya sisteminə 5.000-dən artıq məlumat daxil olmuş, yeni təyinatlılarla əlaqədar 300 nəfərdən artıq işçiyə yeni autentik məlumatlar (istifadəçi adı və parolu) verilərək, onların bu sistemdən istifadəsi təmin edilmişdir. Həmçinin, təkliflər nəzərə alınaraq bu sistem təkmilləşdirilmiş, sistemdə olan “Pasport” alt menyusu aktivləşdirilmişdir. Belə ki, sistemdən istifadə edən bütün əməkdaşlar bu alt menyu istifadə etməklə sistemə daxil olan məlumat barədə tam informasiya əldə edə bilirlər.

“Attestasiya” informasiya modulu

2020-ci ilin birinci yarımili ərzində “İmtahan” informasiya sisteminin “Attestasiya” modulu proqramının fəaliyyəti, eyni zamanda üzərində təkmilləşdirmə işləri davam etdirilmişdir. Proqram təminatının yaradılmasının məqsədi prokurorluq işçilərinin attestasiyalarının keçirilməsində şəffaflığın təmin edilməsi, attestasiya işinin asanlaşdırılması, attestasiya prosesinin sürətləndirilməsi və təkmilləşdirilməsidir. “Attestasiya” informasiya sisteminin yeni proqramı Hərbi Prokurorluqda keçirilən attestasiyalarda tətbiq olunaraq 3 nəfər prokurorluq işçisi 2020-ci ilin birinci yarımilində növbəti attestasiyadan keçirilmişlər.
Hazırda isə attestasiya keçirilməsində istifadə etmək məqsədilə Mərkəzdə Qaydalardan maraq doğuran sual və cavabların hazırlanması, onlara müvafiq vəzifə indekslərinin verilməsi üzrə hazırlıq işləri aparılır.

“Normativ Xarakterli Hüquqi Sənədlərin Reyestri” informasiya sistemi

Normativ Xarakterli Hüquqi Sənədlərin Reyestri” informasiya sistemi daim yenilənərək, hazırda onun məlumat bazasında 633 sənəd vardır (prokurorluğun və prokurorluğun fəaliyyətinə aid 504 ədəd normativ xarakterli akt, Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmə Plenumlarının 129 qərarı). Hazırda qeydiyyatdan keçməklə 831 nəfər prokurorluq işçisi bu sistemin imkanlarından səmərəli istifadə edir. Sistem üzrə moderatorluq, eləcə də onun məlumat bazası 25.08.2020-ci il tarixdə Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinə təhvil verilməsinə baxmayaraq, sistemə texniki inzibatçılıq Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru həyata keçirir. İstifadəçilərin və sistemdə olan aktların sayı artmaqla, istifadəçiləri maraqlandıran suallara internet üzərindən sistem vasitəsilə ətraflı cavab verilir, təkliflər nəzərə alınmaqla sistem üzrə yenilənmə işləri davam etdirilir.

Kitabxanaların Avtomatlaşdırılmış Sistemi

Mərkəzin Kitabxanasında İRBİS-64 “Kitabxanaların Avtomatlaşdırılmış Sistemi” proqramı fəaliyyətini davam etdirib. Mərkəzin kitab fondunu özündə əks etdirən mətbu nəşrlər barədə məlumatlar elektron kataloq siyahısına daxil edilmişdir. Kitabxanada çap məhsulları müvafiq sahələr üzrə bölünərək ayrı-ayrı şöbələrdə yerləşdirilmişdir. Hesabat dövründə kitabxananın ədəbiyyat fondu kitablarla zənginləşdirilmişdir. Kitab fondunda milli və xarici monoqrafiyalar, dərs vəsaitləri, metodiki vəsaitlər, hüquqi və bədii ədəbiyyatlar vardır. Hazırda kitabların sayı 3.717 ədəddir və onların bir hissəsi artıq Mərkəzin yeni inzibati binasına köçürülmüşdür.
Tədris prosesinin səmərəsinin artırılması məqsədi ilə Mərkəzin Kitabxanasında yaradılan “Prosessual sənədlərin nümunələri” fondu müvafiq materiallarla (cinayət işi, ittiham aktı, istintaq hərəkətləri və prosessual məcburiyyət tədbirləri barədə qərarlar, onların protokolları və digər prosessual sənədlərin surətləri) zənginləşdirilmişdir.

Yeni informasiya sistemlərinin hazırlanması

12.05.2020-ci il tarixdə Baş prokurorun yanında keçirilmiş geniş əməliyyat müşavirəsində qəbul edilmiş qərarın icrasını təmin etmək məqsədi ilə Mərkəzin internet səhifəsində (http://etmprok.az) yeni “İslahatların dərinləşdirilməsi” platforması yaradılmışdır. Əməliyyat müşavirəsində qəbul edilmiş qərarın icrasını təmin etmək məqsədilə Baş Prokurorluğun idarə və şöbələrindən, Naxçıvan Muxtar Respublikası, Bakı şəhər, bütün rayon (şəhər) prokurorlarından baza daxil edilmiş rəy və təkliflər platformanın bazasına daxil olmuşdur. Bazaya daxil edilmiş rəy və təkliflər toplanılaraq təhlil olunması üçün aidiyyəti idarəyə təhvil verilmişdir.
Mərkəzin internet səhifəsində yerləşən “Distant (məsafədən) tədris” platformasının üzərində də yenilənmə işləri davam etdirilmiş, prokurorluq, habelə digər tərəfdaş elm, təhsil və tədris qurumlarının əməkdaşları üçün açıq olan yeni elektron kitabxana sisteminin qurulması və bu kitabxananın Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin kitabxanası, yerli və beynəlxalq kitabxanalarla inteqrasiya edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Qeyd olunanlarla yanaşı, “Tədris Tədbirlərinin Elektron Bazası” adlı informasiya sisteminin yaradılması məqsədilə sxem-bloklar hazırlanmış, müvafiq müzakirələrdən sonra sistemin texniki tapşırığının hazırlanması istiqamətində müəyyən işlər aparılmış, proqramın yazılaraq tam istifadəyə verilməsi növbəti ildə planlaşdırılır.