MƏTBU NƏŞRLƏR

Dövri elmi-praktiki jurnalın və digər mətbu nəşrlərin hazırlanması– 2021

Fəaliyyəti üçün məsul qurum kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi olan “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının (məsul katib Günay İsmayılova) 2021-ci il ərzində 2020-ci ilin 4-cü, 2021-ci ilin 1, 2 və 3-cü buraxılışlarının materialları hazırlanaraq nəşri həyata keçirilmişdir. Jurnalın rubrikalarında ölkənin ictimai-siyasi həyatında baş vermiş son əhəmiyyətli hadisələr, Baş Prokurorluqda və tabe prokurorluqlarda həyata keçirilən tədbirlər, prokurorluğun beynəlxalq əlaqələri, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə müvafiq materiallar yerləşdirilmişdir. Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində bu jurnal forma və məzmun baxımından təkmilləşdirilərək müasirləşdirilmişdir. Bu tədbirlərin davamı olaraq, Baş prokurorun 19.05.2021-ci il tarixli 09/06 №-li əmri ilə jurnalın redaksiya heyətinin yeni tərkibi təsdiqlənmiş, jurnalın strukturuna və üst cildinin dizaynına dəyişikliklər edilmişdir.

Jurnalın 194 səhifədə olan 2020-ci ilin 4-cü buraxılışında ölkənin ictimai-siyasi həyatında baş vermiş 16 əhəmiyyətli hadisə, prokurorluq qurumlarının 61 tədbiri, o cümlədən beynəlxalq əlaqələrlə bağlı 9 tədbiri barədə məlumatlar, 8 məqalə və müsahibə, eləcə də qanunvericiliyə edilmiş dəyişikliklər və Baş Prokurorluq üzrə əmrlər dərc edilmişdir. Jurnalın 195 səhifədə olan 2021-ci ilin 1-ci buraxılışında isə ölkənin ictimai-siyasi həyatında baş vermiş 7 əhəmiyyətli hadisə, prokurorluq qurumlarının 30 tədbiri, o cümlədən beynəlxalq əlaqələrlə bağlı 4 tədbiri barədə məlumatlar, 9 məqalə və müsahibə, eləcə də qanunvericiliyə edilmiş dəyişikliklər dərc edilmişdir. Jurnalın 198 səhifədə olan 2021-ci ilin 2-ci buraxılışında isə ölkənin ictimai-siyasi həyatında baş vermiş 5 əhəmiyyətli hadisə, prokurorluq qurumlarının 35 tədbiri, o cümlədən beynəlxalq əlaqələrlə bağlı 17 tədbiri barədə məlumatlar, 8 məqalə və 1 müsahibə, eləcə də qanunvericiliyə edilmiş dəyişikliklər dərc edilmişdir.

Jurnalın 189 səhifədə olan 2021-ci ilin 3-cü buraxılışında isə ölkənin ictimai-siyasi həyatında baş vermiş 9 əhəmiyyətli hadisə, prokurorluq qurumlarının 37 tədbiri, o cümlədən beynəlxalq əlaqələrlə bağlı 3 tədbiri barədə məlumatlar, 6 məqalə və 1 müsahibə, eləcə də qanunvericiliyə edilmiş dəyişikliklər dərc edilmişdir.

Baş Prokurorluğun “İstintaq təcrübəsi” bülleteninin 2-ci nömrəsi daha da təkmil və zəngin olması üçün 26.05.2021-ci ildə Mərkəzin arayışı ilə mətbu nəşrin redaksiya heyətinin diqqəti bülletenin tərtibində yol verilmiş qüsur və çatışmazlıqlara yönəldilmişdir. Həmin bülleteninin 3-cü nömrəsi üzrə Mərkəzin irəli sürdüyü tövsiyə və təkliflər redaksiya heyəti tərəfindən dəyərləndirildikdən sonra 17.11.2021-ci ildə onun nəşr edilib yayılmasının məqsədəuyğunluğu barədə rəy verilmişdir.

Baş Prokurorluğun “Dövlət ittihamının müdafiəsi təcrübəsi” bülleteninin 2-ci nömrəsini nəqli dəyərinin artırılmaq istiqamətində bir sıra tövsiyə və təkliflər irəli sürülmüş, onların redaksiya heyəti tərəfindən dəyərləndirildikdən sonra 07.07.2021-ci ildə nəşrin çap edilib yayılmasına dair rəy verilmişdir. Bu bülleteninin 3-cü nömrəsində olan qüsurlara redaksiya heyətinin diqqətini cəlb etməklə, 20.12.2021-ci ildə nəşrin çap edilib yayılmasına dair rəy verilmişdir.