METODİKİ İŞ

“İbtidai araşdırmanın yekunlarına uyğun olaraq ittiham aktının tərtib edilməsinə dair” Metodiki tövsiyə

“Azərbaycan Respublikasının prokurorluq orqanlarında metodik ədəbiyyatın nəşri Qaydaları”nın tələblərinə uyğun olaraq “İbtidai araşdırmanın yekunlarına uyğun olaraq ittiham aktının tərtib edilməsinə dair” Metodiki tövsiyə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin 2021-ci ilin ikinci yarımilinə dair İş planının 3-cü bəndinin icrası nəticəsində ərsəyə gəlmişdir. Belə ki, Qaydaların 3.3-cü bəndi nəzərə alınaraq, aktual olan mövzuya, xüsusən də ibtidai istintaq orqanının ən vacib və ən məsuliyyətli prosessual sənədi olan ittiham aktının tərtibinə üstünlük verilmiş; Qaydaların 4.1-ci bəndinə görə nəşrin hazırlanması üçün tələb olunan ədəbiyyat və digər məlumat mənbələrinin dairəsi müəlliflər tərəfindən müəyyən edilmiş; Qaydaların 4.2-ci bəndinə uyğun olaraq zəruri olan statistik, analitik və digər məlumatlar prokurorluq qurumlarından, eləcə də digər mənbələrdən əldə edilmişdir.

Metodiki tövsiyə Mərkəzin rəisi Mübariz Əhmədovun rəhbərliyi altında, Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Fərid Dadaşov, şöbənin böyük prokuroru Nigar Əskərova və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Yelena Qasımova tərəfindən hazırlanaraq, Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 259.2-ci bəndinə əsasən rəy verilməsi üçün təqdim edilmişdir. Metodiki tövsiyənin daha da təkmil olunması üçün irəli sürülmüş təklif və tövsiyələr müəlliflər tərəfindən dəyərləndirilərək nəşrə müvafiq dəyişikliklər edilmişdir.

Metodiki tövsiyə 1 (bir) cild, 64 səhifədə olmaqla, üzlükdən, titul vərəqindən, mündəricatdan əsas mətndən və istifadə olunmuş mənbələrin siyahısından ibarətdir. Əsas mətn isə 4 fəslə, 22 bəndə və yarımbəndə bölünmüşdür.

Metodiki tövsiyədə ilk öncə ittiham aktının praktiki əhəmiyyətinə, onun strukturu və məzmununa, tərtib edilməsinə dair ümumi tələblərə, tərtibi zamani yol verilən səciyyəvi pozuntulara, bu sahədə xarici ölkələrin təcrübəsi və praktiki əhəmiyyət kəsb edə biləcək digər məsələlərə toxunulmuşdur. Daha sonra vəsaitdə son illərin ibtidai istintaq və məhkəmə təcrübəsinin təhlillərinə əsaslanaraq ittiham aktının cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasından yaranan xoşagəlməz prosessual hüquqi nəticələrə yer ayrılmış və bu nəticələr həm insan hüquqlarına dair əsas beynalxalq normalar baxımından, həm də milli qanunvericiliyin tələbləri prizmasından uzlaşdırılmışdır.

Metodiki tövsiyədə ittiham aktinin cinayət təqibinin növbəti mərhələsindəki prosessual rolu, onun kəmiyyət və keyfiyyət göstəriciləri baxımından təhlilinə, eləcə də texniki detallara xüsusi yer ayrılmışdır. Sənəddə ittiham aktının tərtib edilməsinə dair ümumi tələblərə dair əsas elementlər, mümkün sübutların həcmi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən əsas prosessual tələblər, bu vacib sənədin rəsmi-işgüzar üslubda, anlaşılan, məntiqli, sistemli, ardıcıl şəkildə tərtib edilməsinin əhəmiyyətinə də geniş yer ayrılmışdır.

İttiham aktının strukturunu və məzmunu müəyyən edən CPM-in 289-cu maddəsinə əsasən, ittiham aktı üç əsas detalı – giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrin iyerarxik quruluşu sənəddə tam şəkildə açılmaqla bu sahədəki nümunəvi praktika vəsaitin müvafiq yarımbəndlərində ayrılıqda izahlandırmaqla onun istifadəçilər üçün sırf praktiki əhəmiyyətinə real şərait yaratmışdır.
Metodiki tövsiyədə eləcədə ittiham aktına əlavələr və ittiham aktına əlavə edilən arayışlar və ittiham aktının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməsi barədə də zəruri bilgilər əks olunmuşdur.
“İbtidai araşdırmanın yekunlarına uyğun olaraq ittiham aktının tərtib edilməsinə dair” adlı Metodiki tövsiyənin prokurorluq işçilərinə və ümumiyyətlə müxtəlif istintaq orqanlarının müstəntiqləri üçün praktiki təlim ola biləcəyinə əsas verən, həmçinin onların fəaliyyətinin təkmilləşdirilməsinə real şərait yarada ən mühüm hissəsi kimi ittiham aktlarinin tərtib olunmasi zamani yolverilən səciyyəvi pozuntulara dair fəsil xüsusilə diqqətəlayiqdir. Təqdim olunan vəsaitdə bu təhlillərin nəticəsi kimi aşkar edilmiş pozuntular müxtəlif meyar göstəriciləri üzrə təsnifatlaşdırılmışdır. Hər biri ayrılıqda qeyd olunan belə pozuntu meyarlarına ittiham aktının tərtib edilməyə başlandığı və qurtardığı tarix, vaxt və barədə məlumatların əks olunmaması, onu tərtib etmiş səlahiyyətli şəxsin soyadı, adı, atasının adı və vəzifəsi barədə məlumatların əks olunmaması, cinayət işi haqqında ümumi məlumatın əks olunmaması, cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halların əks olunmaması, təqsirləndirilən və zərər çəkmiş şəxsi şəxsi səciyyələndirən halların əks olunmaması, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların əks olunmaması və sadalanan bütün meyarların dolğun və düzgün tərtib olunmaması, həmçinin təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın dəqiq təsvir olunmaması, eləcədə ittiham aktının tərtibi zamanı yol verilən digər pozuntular konkret misallar üzərində ətraflı təsvir edilmişdir.

Həmçinin Metodiki tövsiyədə xarici ölkələrin təcrübəsinə yer ayrılmış, müqayisələr və paralellər göstərilmiş, onların fəaliyyət prinsipləri açıqlanmış, eləcə də keçmiş sovet qanunvericiliyinə istisnalar edilmişdir.
Ümumiyyətlə Metodiki tövsiyədə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilmiş, bu nəşr mətninə uyğun şəkil, illüstrasiya və qrafiklərlə zəngindir.
Həmçinin Metodiki tövsiyədə əks etdirilmiş istiqamətlər birbaşa praktik sahəni əhatə etdiyindən istintaqçılar tərəfindən təcrübədə istifadə edilməsi ümumən peşə hazırlığı işinə müsbət təsir edə, dinləyicilərin tədris prosesinə marağını artıra bilər. Bu səbəbdən Metodiki tövsiyədən hüquq mühafizə orqanlarının ixtisaslaşdırılmış tədris qurumlarında, habelə hüquq sahəsində ixtisaslaşmış təhsil müəssisələrində istifadə edilməsi mümkündür.
Metodiki tövsiyənin təqdimatı Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 18.05.2022-ci il tarixli iclasında Mərkəzin şöbə rəisi Fərid Dadaşov tərəfindən həyata keçirilmişdir.