METODİKİ İŞ

“Media üçün 555 sual və cavab” adlı əyani vəsait

“Media üçün 555 sual və cavab” adlı əyani vəsait media subyektlərinin peşəkar fəaliyyətində ən çox rast gəlinən 555 sual və cavabdan ibarət olmaqla onların hüquqi maarifləndirilməsinə öz töhfəsini verir.
Əyani vəsait Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov tərəfindən hazırlanaraq mediada yayımlanan informasiyanın hüquqi cəhətdən düzgünlüyünün və tamlığının təmin edilməsini hədəfləyir. Hədəf auditoriyasına ilk növbədə media işçiləri daxildir.
Media subyektləri tərəfindən hüquqi informasiyanın bu vəsaitdən istifadə edərək təqdim edilməsi riskləri aradan qaldırmaqla informasiyanın müxtəlif əhali qrupları tərəfindən daha rahat anlaşılmasını təmin edəcək, hüquqi bazanın, eləcə də dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yeni istiqamət verən və hal-hazırda ölkədə media siyasətinə verilən dəstəyin bir hissəsi kimi dəyərləndirilir. Vəsait media işçiləri ilə yanaşı geniş hüquq ictimaiyyətinin müxtəlif nümayəndələri üçün də maraq kəsb edə bilər.
Vəsaitdə “Media haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Milli təhlükəsizlik” “Dövlət sirri” və “Fərdi məlumatlar haqqında” qanunların, Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəllənin və İnzibati Xətalar Məcəlləsinin jurnalistlərin peşə fəaliyyəti zamanı daha çox rast gəldikləri müddəalarına aid bir çox suallara aydınlıq gətirilmişdir ki, bu da jurnalistlər, təşkilatlar və vətəndaşlar üçün münbit bir ab-havanın təşəkkül tapmasına yardımçı olacaqdır.  
Məcəllələr üzrə hazırlanmış suallar əyani vəsaitin 53 %, qanunlar üzrə 41 %, Jurnalistlərin Peşə Davranışı Qaydaları və müsadirə məsələlərinin hər biri ilə bağlı suallar isə 3 % təşkil etmişdir.
Kitabda cavablanmış aşağıdakı sualları nümunə kimi göstərmək olar:

Gizli audio və video yazılardan, foto çəkilişlərdən istifadə etməyə və ya onları yaymağa hansı hallarda yol verilir?
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti hansı orqan tərəfindən müəyyən edilir?
Cinayət işləri üzrə ibtidai istintaq hansı qurumlar tərəfindən aparıla bilər?
Evtanaziya nədir?
Təşkilatların rəsmi məlumatları yayılarkən jurnalist hansı qaydalara riayət etməlidir?
Terror hadisəsi ilə bağlı hansı reportajların verilməsi yolverilməzdir?

“Media üçün 555 sual və cavab” adlı əyani vəsaitdə sadalanan predmetlərlə yanaşı, hüquq ictimaiyyətində yeni aktuallaşan və təkmilləşdirilən xüsusi müsadirə institutu üzrə bir çox anlayış əks olunmuşdur ki, bu da media subyektləri üçün düşünürük ki, xüsusilə faydalı olacaqdır.