TƏDQİQATLAR

Son 10 ilin göstəriciləri əsasında intihar hallarının təhlili

2021-ci ildə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Baş prokurorun təşəbbüsünə əsasən intihar halları ilə bağlı son 10 ilin göstəriciləri əldə olunaraq, psixoloji aspektlər, motivlər, region və cinsi mənsubiyyət, beynəlxalq tövsiyələr, xarici ölkələrin qanunvericiliyi və preventiv tədbirlər baxımından geniş təhlil aparılmış, yekunu üzrə intihar hallarının qarşısının alınması istiqamətində bir çox təkliflər irəli sürülmüş, habelə təhlil materialları müvafiq mövzuda kitabın hazırlanmasında və konfransın keçirilməsində istifadə edilmişdir.
Təhlil 90 vərəqdə olmaqla, əsas mətni 6 fəslə və 37 bölməyə bölünür. Təhlildə xarici ölkələrdə inkişaf səviyyəsi və dini mənsubiyyəti baxımından intihar hallarına yanaşma, intihar hallarının yaş, cinsi və törədilmə üsulları baxımından göstəriciləri, eləcə də emosional formaları yer almışdır.

İntihar hallarının psixoloji aspektlərinə toxunan təhlil müəllifləri, belə halların baş vermə səbəbini, intihar hallarına emosional faktorların, kütləvi informasiya vasitələrinin, internetin, erkən və məcburi nikahın, pandemiya ilə bağlı tətbiq olunan karantin tədbirlərinin, ilin fəsillərinin, hərbi xidmətin, depressiya xəstəliyinin təsirini araşdırmışlar. Həmçinin intihar hallarına xəstəliklərin təsiri və psixiatriya yardımının təşkili, intihara meylli şəxslərin davranış formaları tədqiqat obyekti olmuşdur. Təhlil zamanı intiharın həyata keçirmə üsullarına (asma, özünü yandırma, hündürlükdən özünü atma, kəsici alətlə özünə xəsarət yetirmə, odlu silahla özünü vurma, suda boğulma və digər) xüsusi diqqət ayrılmışdır.

Həmçinin təhlil materiallarında Azərbaycanda 2010 – 2020-ci illər ərzində intihar üzrə ümumi statistik göstəricilər, habelə psixi xəstəliyi olan, alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslərin, azyaşlıların, orta və ali təhsil müəssisələrində təhsil alan şəxslərin intihar və intihara cəhd halları üzrə statistik göstəriciləri öz əksini tapmışdır.

Bundan əlavə intihar və intihara cəhd halları ilə bağlı Azərbaycan Prokurorluğunun həyata keçirdiyi tədbirlər və ictimaiyyətdə rezonans doğurmuş bir sıra intihar və intihara cəhd hadisələri misal kimi əks edilmişdir.
Təhlil materiallarında özünü öldürmə həddinə çatdırma əməlinə görə məsuliyyətə aydınlıq gətirilərək, belə əmələ postsovet və xarici ölkələrinin yanaşması qeyd edilmişdir.
Təhlilin yekunu üzrə intihar hallarının qarşısının alınması üzrə təşkilati və inzibati şərtlərə, psixoloji və pedaqoji şərtlərə cavab verən preventiv tədbirlər göstərilmiş, eləcə də xəstəliklə əlaqəli intihar halların qarşısının alınması və belə faktlar üzrə araşdırmanın daha dolğun aparılması ilə bağlı təkliflər irəli sürülmüşdür.