TƏDQİQATLAR

Qanuni qüvvəyə minmiş bəraət hökmlərində sübutların qiymətləndirilməsinə dair qanun normalarının, elmi-nəzəri və metodiki biliklərin tətbiqi təcrübəsinin təhlili

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin 2020-ci ilin birinci yarım ilinə dair iş planının 4-cü bəndində “Qanuni qüvvəyə minmiş bəraət hökmlərində sübutların qiymətləndirilməsinə dair qanun normalarının, elmi-nəzəri və metodiki biliklərin tətbiqi təcrübəsini təhlil etmək, əldə edilmiş nəticələrdən məhkəməyədək cinayət təqibi həyata keçirilməsinin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq” adlı tədbir nəzərdə tutulmuşdur. İş planında tədbirin icrasına məsul qurum kimi Mərkəzin Kriminalistika kafedrası və icra müddəti 2020-ci ilin yanvar – iyun ayları müəyyən edilmişdir.
2019-cu il ərzində mülki məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 350-ci maddəsi (məhkəmənin bəraət hökmü) rəhbər tutularaq, 107 cinayət işi üzrə 139 şəxs barəsində bəraət hökmü qəbul edilmişdir.
Tapşırığın icrasını təmin etmək məqsədi ilə təhlilin predmet dairəsi, icra mexanizmi və vasitələri, tələb olunan sənədlər əvvəlcədən planlaşdırılmış və Mərkəzin əməliyyat müşavirəsində müzakirə edilərək təsdiq olunmuşdur.
Bu sahədə ümumi tendensiyaların və müxtəlif meyarlara görə səciyyəvi halların aşkarlanması və dəyərləndirilməsi üçün təhlil Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən Elm-Tədris Mərkəzinə təqdim edilmiş 53 nəzarət icraatında olan məhkəmə hökmləri və digər müvafiq prosessual sənədlər üzrə aparılmışdır.
Təhlilin nəticəsinə dair arayış “giriş, maddi və prosessual pozuntuların təhlili, təhlilin hüquqi-metodoloji əsasları, bəraət hökmlərin təhlilinə dair metodoloji bilgilər və təhlilin istiqamətləri, təhlil üçün təqdim edilmiş sənədlər üzrə statistik göstəricilər, məhkəməyədək icraat zamanı yol verilən sistemli kobud pozuntular, məhkəmə hökmlərində olan sistemli nöqsan və qüsurlar, təhlilin ümumi nəticəsi, təhlil üzrə təkliflərdən” adlı bölmələrdən ibarət olmuşdur. Təhlil zamanı aşkar edilmiş pozuntular müvafiq təsnifata uyğun ümumiləşdirilmiş, pozuntuların müxtəlif formaları müəyyən edilmişdir.
Təhlil göstərmişdir ki, əksər halda məhkəməyə ittiham aktı ilə Daxili İşlər Nazirliyinin istintaq orqanları tərəfindən göndərilmiş cinayət işləri üzrə yol verilmiş maddi və prosessual pozuntulara görə bəraət hökmləri çıxarılmışdır.
Müəyyən edilmişdir ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməkdaşlar tərəfindən şübhəli şəxsin saxlanılması və üzərinə baxış keçirilməsi zamanı kobud prosessual pozuntulara yol vermiş, istintaq orqanı həmin pozuntuları aradan qaldırmadan, təqsirləndirilən şəxsin dəlillərini yoxlamadan, sübutların mötəbərliliyinə, nisbiliyinə və mümkünlüyünə diqqət yetirmədən cinayət işinin istintaqını tamamlamış, prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən lazımı səviyyədə istintaqın gedişatında və ittiham aktının təsdiqi zamanı nəzarət edilmədiyindən prosessual pozuntularla tamamlanmış cinayət işlərinin məhkəməyə göndərilməsinə yol verilmişdir. Qeyd olunan nöqsanlar əsasən izlərin axtarışı, aşkarlanması, qeydə alınması, maddi sübutların tədqiqi və qiymətləndirilməsində yol verilmişdir. Bu səbəbdən bəraət hökmlərində cinayət prosessual qanunvericiliyinə görə ittihamın sübutsuzluğunu bildirən konkret əsaslar, ittihamın əsasını təşkil edən sübutlardan imtina halları müəyyən edilmişdir. Bu qüsurlar cinayətkarlığa qarşı mübarizənin təşkilinə mənfi təsir göstərdiyini, prosessual sənədlərin Avropa Məhkəməsi presedent hüququnun tələblərinə cavab vermədiyini, insan hüquqlarının və bu və ya digər formada pozulduğunu göstərən əlamətlər kimi çıxış edir.
Təhlil zamanı həmçinin müəyyən edilmişdir ki, bəraət hökmlərinin tərtibində işin faktiki hallarını və hüquqi əsaslarını müəyyən etmək üçün istifadə olunan məntiqi üsullardan tam istifadə olunmaması hallarına yol verilmişdir.
Bir sıra bəraət hökmlərinin tərtibində CPM-in 353-cü maddəsinin tələblərinə tam əməl edilməmiş, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların hakim tərəfindən rədd edilməsinin motivləri anlaşılmaz olmuş, hüquqi qiymətləndirmə prosesi arqumentləndirmə qaydalarına uyğun  aparılmamışdır

Təkliflər

    • Bəraət hökmlərinin tərtibində Avropa İnsan Hüquqları Məhkəməsinin standartlarına və Azərbaycan Respublikasının CPM-nə 353-cü maddəsinin tələblərinə ciddi əməl olunsun.
    • Təhlil zamanı aşkar edilmiş nöqsan və qüsurlar nəzərə alınmaqla ittiham aktları ilə daxil olmuş cinayət işlərinə prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən nəzarət prosessual tələblərə uyğun olaraq aparılsın.
    • Nöqsanların qarşısının alınması üçün əldə edilmiş materiallar Mərkəzdə təşkil olunan tədris tədbirlərində istifadə edilsin.
    • Zərurət yarandığı təqdirdə təhlilin nəticəsinə dair arayışdan istintaqçılar və dövlət ittihamçıları üçün icmal və yaxud metodik ədəbiyyatın hazırlanmasında istifadə edilsin.