TƏDQİQATLAR

2019-cu il ərzində tabe prokurorluqlara əməli köməklik göstərilməsi vəziyyətinin təhlili

Azərbaycan Respublikası Baş Prokurorluğunun 2020-ci ilin birinci yarımilinə dair İş planının 14-cü bəndində “2019-cu il ərzində tabe prokurorluqlara əməli köməklik göstərilməsi vəziyyətinin təhlil olunması, bu sahədə işin səmərəsinin artırılması imkanlarının müəyyənləşdirilməsi və fəaliyyətin təkmilləşdirilməsi təkliflərinin hazırlanmasını təmin etmək” adlı tədbir nəzərdə tutulmuşdur. İş planında tədbirin icrasına məsul qurum kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi (bundan sonra – Mərkəz) və icra müddəti 2020-ci ilin fevral – iyun ayları müəyyən edilmişdir.
Baş Prokurorluğunun 2019-cu ilə dair İş planlarına əsasən həmin il ərzində 20 prokurorluq qurumuna əməli köməkliyin göstərilməsi təmin edilmişdir. Təhlillə məlum olmuşdur ki, bu prokurorluqlarda işin düzgün təşkilində bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, işçilər arasında vəzifə bölgüsü düzgün aparılmamış, prokurorluqlarda işlər planlaşdırılarkən kriminogen durum, cinayətkarlığın dinamikası və strukturunun real vəziyyəti nəzərə alınmamış, bəzi hallarda iş planlarına aktual olmayan tədbirlər daxil edilmiş, habelə plan tədbirləri üzrə təkrarçılığa yol verilmişdir. Hesabatlarında isə Baş Prokurorluq üzrə 03.09.2015-ci il tarixli 10/79 nömrəli əmrlə təsdiq edilmiş siyahıda əks etdirilməli olan məsələlərin bəziləri öz əksini tapmamışdır.
Bundan başqa, prokurorluq işçilərinin qeydiyyatdan keçərək, “Prokurorluğun normativ hüquqi aktları” informasiya sistemində qoşulması təmin edilmədiyindən, işçilər bu sistemdən faydalana bilməmişlər. Həmçinin bəlli oldu ki, tabe prokurorluqların bəzi işçiləri qanunvericiliyin sistemləşdirilməsi və hüquqi biliklərin mənimsəməsi sahəsində – Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı olan “President.az”, Ədliyyə Nazirliyinin moderatorluq etdiyi Normativ hüquqi aktların vahid internet elektron bazası olan “E-qanun.az” və digər faydalı portallardan səmərəli istifadə etməmişlər.
Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili, kargüzarlıq qaydalarına əməl edilməsi nəzərdən keçirərkən məlum olmuşdur ki, “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 01.11.2010-cu il tarixli 10/100 №-li əmrin bir sıra tələbləri düzgün tətbiq olunmamışdır.
“Prokurorluq işçilərinin ixtisaslarının artırılması, attestasiya olunması işinin təkmilləşdirilməsi haqqında” 28.12.2001-ci il tarixli 08/174 №-li əmrə əsasən prokurorluqlarda əvvəlcədən təsdiq edilmiş planlara əsasən hər həftənin şənbə günləri işçilər üçün tədris məşğələləri keçirilsə də, əmrin 1.2-ci bəndinə müvafiq olaraq tədris planlarına presedent hüququnun özəyini təşkil edən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarları, Baş Prokurorluq (və müvafiq yuxarı prokurorluq) üzrə normativ aktların icra metodikası və taktikası, metodiki tövsiyələrin öyrənilməsi daxil edilməmişdir.
Təhlil zamanı əldə edilmiş materiallar Mərkəzin tədris tədbirlərində istifadə edilməsi planlaşdırılıb.

İş planlarının hazırlanmasında və icra olunmasında yol verilmiş pozuntu və nöqsanların aradan qaldırılması, prokurorluqlarda fəaliyyətin planlaşdırılması işinin təkmilləşdirilməsi üçün aşağıdakılar təklif edilmişdir:
1) ilk növbədə plan tədbirlərinin adlarının konkretləşdirilməsi (məsələn, onların adında tədbirin məqsədinin mütləq qaydada göstərilməsi hesabına və sair), əməliyyat müşavirələrində onların zəruriliyinin konkret arqumentlərlə əsaslandırılması təmin edilsin;
2) prokurorları üçün işin planlaşdırılması və icrasına nəzarət mövzularından ibarət proqram üzrə ixtisasartırma tədris məşğələləri təşkil edilsin;
3) bu sahədə müvafiq təhlillər əsasında metodik vasitə hazırlanıb nəşr edilsin;
4) prokurorluqların iş planlarının vahid məlumat bazası yaradılsın;
5) həmin bazaya  prokurorluğun müvafiq qurumlarının vəzifəli şəxslərinə buraxılış hüququ verilsin;
6) iş planlarının, onların icrası ilə əlaqədar sənədlərin layihələrinin geniş müzakirəsinin mümkünlüyünü təmin edən informasiya platforması yaradılsın, internet resursuna yerləşdirilsin, işin planlaşdırılması ilə bağlı bütün yazışmalar, göndərişlər elektron formatda elektron poçt vasitəsi ilə (yaxşı olar ki, qeyd edilən platforma üzərindən) həyata keçirilsin.

Hesabatların daha mükəmməl hazırlanması üçün təklif olunmuşdur:
1) hesabatlarda əks etdirilməli məsələlərin siyahısı optimallaşdırılsın, prioritet olmayan istiqamətlər üzrə məsələlərin bu sənəddə göstərilməsindən imtina edilsin;
2) normativ qaydada hesabatların konkret struktura malik sənəd kimi hazırlanması tələb edilsin;
3) hesabatların paralel olaraq vahid elektron formatda hazırlanması və müvafiq məlumat bazasında yerləşdirilməsi təşkil olunsun;
4) Baş Prokurorluğun müvafiq idarələrinə hesabatların elektron məlumat bazasına buraxılış hüquqi verilsin ki, hər bir idarə özünə aid olan məlumatlar üzrə təhlil apara bilsin və işin səmərəsini daha da artırmaq üçün qeydlərini elektron məlumat bazasına yerləşdirsin;
5) hesabatların hazırlanması metodikası ilə bağlı mövzular üzrə prokurorlara qısa müddətli ixtisasartırma kursu keçirilsin.