TƏDQİQATLAR

Azərbaycanda prokurorun hüququ statusu

23.09.2021-ci ildə Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının (Şura) 31-ci iclası çərçivəsində “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında memorandum” imzalanmışdır. Memorandumun məqsədi elmi tədqiqatların inkişafında və təhsilalanlar kontingentinin hazırlanmasında, yenidən hazırlanmasında və ixtisaslarının artırılmasında səylərin və resursların birləşdirilməsi, hüquqşünaslıq sahəsində innovativ potensialdan səmərəli istifadə olunmasıdır.
Həmin Memoranduma əsasən Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası ilə birlikdə “Qazaxıstanda və MDB ölkələrində prokurorun hüququ statusu” mövzusunda elmi tədqiqatın aparılmasını təmin etmək məqsədilə Mərkəzin işçiləri tərəfindən Azərbaycanda prokurorun hüququ statusu ilə bağlı elmi tədqiqat aparılmış və nəticəsi rus dilində 85 səhifəlik yekun sənəddə öz əksini tapmışdır.
Bu işin tədqiq obyekti – prokurorun statusu, milli qanunvericilik sistemində prokurorluğun yeri, müxtəlif sahələrdə prokuror fəaliyyətinin hüquqi əsasları, prokuror nəzarətinin və prosessual rəhbərliyin həyata keçirilməsinin xüsusiyyətləri olmuşdur.

Sənəddə prokurorluq orqanlarının sistemi və təşkili, onun sistem və struktur bölmələrinin funksional imkanları öz əksini taparaq, sənəd Azərbaycan Prokurorluğunun müasir mərhələdə əldə etdiyi nailiyyət və uğurların təqdimatı ilə yekunlaşır.