Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Bəraət hökmü ilə nəticələnən, habelə məhkəmədən prokurora qaytarılan cinayət işləri üzrə yol verilən sistemli nöqsan və pozuntular” mövzusunda seminar keçirilmişdir

Prokurorluq orqanlarında peşə hazırlığının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədris tədbirləri digər sahələrlə yanaşı ibtidai araşdırma zamanı meydana çıxan aktual problemlərin həllinə də yönəlir.
Bu tədris tədbirlərinə prokurorluq orqanları işçiləri ilə yanaşı, digər hüquq mühafizə, o cümlədən daxili işlər orqanları əməkdaşları da dəvət edilir.
Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq və daxili işlər orqanlarının işçiləri üçün təşkil edilmiş “Bəraət hökmü ilə nəticələnən, habelə məhkəmədən prokurora qaytarılan cinayət işləri üzrə yol verilən sistemli nöqsan və pozuntular” mövzusunda növbəti seminar uğurla başa çatmışdır.
Seminar üzrə tədris tədbirləri cari ilin fevral ayının 21-i və 22-si dinləyiciləri iş yerindən ayırmadan, distant formada və canlı vaxt rejimində Elm-Tədris Mərkəzin rəis müavini Talıb Cəfərovun, İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun müdiri Oqtay Mirzəyevin və Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin  baş məsləhətçisi Rafiq Quliyevin təşkilatçılığı ilə həyata keçirilib.
Seminarda dinləyici qismində 21 inzibati ərazi vahidində fəaliyyət göstərən 35 prokurorluq və 72 polis işçisi iştirak edib. Tədris tədbirində açılış nitqi ilə Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin  rəisi Nigar Qələndərlinin açılış nitqi ilə çıxışından sonra təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə, tədbirdə təlimçi qismində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin təcrübəli işçiləri, habelə Elm-Tədris Mərkəzində şöbənin böyük prokuroru Çingiz Əli-Zadə çıxış etmişdir.
Seminar çərçivəsində dinləyicilərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə tövsif, sübutetmə və istintaq hərəkətlərinin icrasının aktual problemlər və onların həlli yolları tədris edilmiş, belə işlər üzrə məhkəmənin hazırlıq iclasında və məhkəmə baxışı zamanı aşkarlanan prosessual pozuntular barədə ətraflı məlumat verilmişdir.
Həmçinin dinləyicilərə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri üzrə ibtidai istintaq zamanı qarşıya çıxan prosessual və sübutetmə problemləri, onların hüquqi nəticələri, habelə dələduzluğa dair cinayət işləri üzrə sübutetmə metodikası, bu qəbildən olan əməllərin mülki hüquqi xarakterli münasibətlərdən və onun hüquqi nəticələrindən fərqləndirmə qaydası izah edilmişdir.
Dinləyicilər məşğələlər zamanı tədris olunan materiallara maraq göstərmiş, seminarın yekunu üzrə müzakirələr zamanı əldə etdikləri bilik və bacarıqlardan razı qaldıqlarını ifadə etmişlər.