Cinayətkarlıqla mübarizə sahəsində prokurorluğun, media və vətəndaş cəmiyyəti institutlarının birgə səyləri möhkəmləndirilir

Cinayətkarlıqla mübarizə sahəsində prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatlarının işgüzar əlaqələrinin möhkəmləndirilməsi, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi, istintaq sirri təşkil edən məlumatların ictimailəşdirilməsinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda iki günlük treninq keçirilib.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Mətbuat xidmətinin birgə təşkilatçılığı ilə ərsəyə gələn bu tədbirdə medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirak edib.
Əvvəlcədən müəyyən edilmiş proqrama əsasən tədbirin ilk günü iştirakçılar qarşısında brifinq formatında çıxış edən Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Həmçinin treninq iştirakçıları xüsusi maraqla Real TV-nin baş direktoru Mirşahin Ağayevin nitqini dinləyib, eləcə də dəyirma masa formatında keçirilmiş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimovla və Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova ilə görüşdən məmun qaldıqlarını ifadə ediblər.
Müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə olunan treninq üzrə maarifləndirici tədbirlər Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təyinatına uyğun (brifinq, çıxış, təqdimat, dəyirmi masa və sair) auditoriyalarında davam etdirilib.
Treninqin ikinci günündə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova prezentasiya müşayiət ilə çıxışlar ediblər və iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyevin sosial media üçün xidməti məlumatların hazırlanma metodikasını və onların mediada yayımlama qaydasını özündə əks etdirən nitqinə treninq iştirakçıları xüsusi maraq göstəriblər.
Baş Prokurorluğun inzibati binalar kompleksində keçirilən media tur çərçivəsində tədbir iştirakçıları Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə, müasir avadanlıqlarla zəngin olan kitabxanalarla, qabaqcıl texnikalarla təchiz olunmuş kriminalistik və istintaq otaqları ilə, eləcə də mobil kriminalistik laboratoriyalı avtomobillərlə tanış olublar.
Tədbirin yekunu üzrə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli və Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov moderatorluğu ilə keçirilmiş dəyirmi masa zamanı iştirakçılar treninqin təşkili səviyyəsindən və müzakirə obyekti olmuş mövzuların peşəkarcasına tədrisindən razı qaldıqlarını, habelə gələcəkdə də bu kimi maarifləndirici tədbirlərdə iştirak etmək arzusunda olduqlarını ifadə ediblər.
Treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.