Tabe prokurorların yeni köməkçiləri üçün “Cinayət təqibindən kənar fəaliyyət istiqamətlərinin xüsusiyyətləri” mövzusunda treninq keçirilmişdir

Prokurorluğun fəaliyyət istiqamətlərinin müxtəlifliyi və yerinə yetirdiyi vəzifələrin ictimai əhəmiyyəti prokurorluq işçisinin hazırlıq və peşəkarlıq səviyyəsinə yüksək tələblər qoyur. Həmkarlarımızın fəaliyyətinin bu yüksək tələblərə uyğun qurulması üçün peşə hazırlığı səviyyəsinin təkmilləşdirilməsi istiqamətində davamlı təlim tədbirləri həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Cinayət təqibindən kənar icraatlar idarəsi ilə birgə müvafiq sahədə fəaliyyət göstərən tabe prokurorların yeni köməkçiləri üçün “Cinayət təqibindən kənar fəaliyyət istiqamətlərinin xüsusiyyətləri” mövzusunda treninq keçirilmişdir.
Treninqin başlıca məqsədi peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınması olmuşdur. Treninq üzrə tədris tədbirləri cari ilin oktyabr ayının 12-dən 14-dək qarışıq formada: Bakı və Sumqayıt şəhərlərində qulluq keçən işçilər üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin inzibati binasında, digər ərazilərdə qulluq edən işçilər üçün internet üzərindən “Zoom” proqramı vasitəsi ilə distant formada və canlı vaxt rejimində həyata keçirilmişdir.
Treninqə təlimçi qismində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin təcrübəli işçiləri cəlb edilmiş, tədbirdə dinləyici qismində 27 tabe prokurorluqda xidmət edən 29 prokuror köməkçisi iştirak etmişdir.
Tədbir çərçivəsində inzibati xətalar haqqında işlər üzrə icraat zamanı ekoloji təhlükəsizlik, ətraf mühitin mühafizəsi və təbiətdən istifadəyə prokuror nəzarətinin təşkili məsələləri, eləcə də mülki icraat qaydasında məhkəmədə baxılan işlərdə, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraatlarda, yetkinlik yaşına çatmayanların maraqlarının qorunmasında prokurorun iştirakının təşkili və xüsusiyyətləri ilə bağlı mövzular üzrə tədris aparılmışdır.
Təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə, treninqin Tədris proqramında nəzərdə tutulmuş tədbirlər vaxtında həyata keçirilmiş, tədris edilmiş əksər məşğələlərin elektron mətni dinləyicilərə təqdim edilmişdir.
Dinləyicilər məşğələlər zamanı tədris olunan materiallara maraq göstərmiş, təlimçilərlə ünsiyyətdə aktiv olmuş, kursun yekunu üzrə müzakirələr zamanı əldə etdikləri bilik və bacarıqlardan razı qaldıqlarını ifadə etmişlər.