Yeni tədris proqramların, tədris-tematik planların və məşğələlərin hazırlanması – 2022

 

 

Elm-Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri prokurorluq işçilərinin peşə hazırlığının artırılması olduğu üçün Mərkəzdə prokurorluq və digər hüquq mühafizə orqanlarının işçilərinin tədris proqramlarının yenilənməsi üzərində daimi iş aparılır. Bununla bağlı təkliflər, qanunvericilikdə edilən dəyişikliklər, təşkil olunan kursların spesifikası nəzərə alınmaqla, hər bir dinləyici dairəsi üçün ayrıca tədris proqramları hazırlanır.
Məsələn, namizədlər üçün təşkil edilən icbari təlimin tədris proqramında dinləyicilərdə ilkin peşə vərdişlərinin formalaşmasına töhfə verəcək mövzulara üstünlük verilir, stajorluq keçən işçilər üçün hazırlıq kursunun tədris proqramına cinayət, cinayət-prosessual, inzibati və presedent hüquqları, kriminologiya və kriminalistika, habelə Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın, prokurorluq orqanlarında tətbiq olunan informasiya kommunikasiya texnologiyaları üzrə praktiki və metodoloji bilikləri özündə əks etdirən mövzular daxil edilir, peşə hazırlığının artırılması ilə əlaqədar təlimlərin tədris proqramları isə daha çox aktuallığı ilə seçilən praktiki əhəmiyyət kəsb edən mövzulardan ibarət olur.
Təlimçilərin seçimi zamanı isə vəzifə funksiyaları, fərdi keyfiyyətlər, təcrübə və biliklərin bölüşmə bacarığı nəzərə alınır, tədbirlərə prokurorluq, ədliyyə, səhiyyə və digər dövlət orqanlarının təcrübəli işçiləri və mütəxəssisləri ilə yanaşı, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının, qanunvericilik və məhkəmə hakimiyyəti üzvləri təlimçi qismində cəlb edilir.
Tədris tədbirləri əyani, distant (canlı və ya sərbəst) və qarışıq formada, məşğələlər isə mühazirə, təqdimat, praktiki məşğələ, seminar və sair üsullarla həyata keçirilir. Bu zaman təhsilin müxtəlif model və metodlarından istifadə olunur: passiv, aktiv və interaktiv.
Təlimlərdə müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilir, distant formada keçirilən tədbirlərə dinləyicilərin və təlimçilərin bir qismi iş yerindən, təlimçilərin digər hissəsi isə Mərkəzdə zəruri avadanlıqla təchiz edilmiş xüsusi otaqdan qoşulur, əksər məşğələlərin elektron mətni və tezisləri təcrübədə istifadə olunması üçün dinləyicilərə təqdim edilir.
Eyni zamanda tədris tədbirlərinin keyfiyyətinin artırılması üçün PowerPoint proqramından istifadə etməklə müxtəlif mövzularda yeni məşğələlər hazırlanır, qanunvericilikdə olan dəyişikliklər nəzərə alınmaqla əvvəlki tədris materialları təkmilləşdirilir. Misal kimi “Cinayət işləri və cinayət haqqında məlumatlar üzrə aparılan araşdırma zamanı sübutların toplanması prosesində kriminalistik-texniki vasitələrin tətbiqi”, “Hadisə yerinə baxış zamanı ilkin məlumatlar əsasında irəli sürülən fərziyyələr və onların yoxlanması metodikası”, “Hadisə yerinə baxış zamanı video çəkilişdən istifadənin prosessual və kriminalistik aspektləri”, “Azadlıq və toxunulmazlıq hüququnun təmin olunması üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin standartlarının nəzərə alınması məsələləri”, “İnzibati xətalara dair işlər üzrə icraata prokuror nəzarətinin maddi və prosessual hüquqi əsasları”, “Cinayət işinin baxılmasına xitam verilməklə prokurora qaytarılmasına əsas olan istintaq pozuntuları”, “İnsan alveri cinayətlərinin ictimai təhlükəliliyi”, “Özünü öldürmə həddinə çatdırmanın psixoloji aspektləri” adlı məşğələ sənədlərini göstərmək olar.