Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) “Şahid Dindirmə” müsabiqəsi

Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq onlarda cinayət, cinayət-prosessual hüquq sahəsində hüquqi biliklərin artmasına, praktiki bacarıqlarının formalaşmasına töhfə verilməsi, eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən ardıcıl tədbirlər davam etməkdədir.
Belə ki, 23.10.2021-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən təşkil olunan, dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilmişdir. “Şahidi dindirmə prosesi” mövzusunda təşkil edilən təlimdə dinləyici qismində Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “ADA” Universitetinin hüquq fakültələrində təhsil alan tələbələr iştirak etmişlər. Təlim zamanı müvafiq sahələr üzrə ixtisaslaşmış və təcrübəsi olan Baş Prokurorluğun əməkdaşları tərəfindən dinləyicilərə təlimlər keçirilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirlərin davamı olaraq, 05.11.2021-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Şahid Dindirmə Müsabiqəsinin” final mərhələsi keçirilmişdir. Qeyd olunan ali təhsil müəssisələrinin hüquq fakültələrində təhsil alan tələbələrin iştirakı ilə 34 komanda arasında keçirilən müsabiqənin ilkin və yarımfinal mərhələlərində qalib olmuş iki komanda müsabiqənin final mərhələsində iştirak etmişdir.
Müsabiqənin final mərhələsinə həmçinin Baş Prokurorluğun təcrübəli əməkdaşları hakim qismində cəlb edilmiş və müsabiqə iştirakçılarının fəaliyyəti onlar tərəfindən qiymətləndirilmişdir.
Əvvəlcədən hazırlanmış cinayət və cinayət-prosessual sahələr üzrə kazus əsasında iki nəfərdən ibarət müstəntiq qismində çıxış edən komandalarla xəyali şahid arasında cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların şahiddən alınması və cinayətin təsvirinin verilməsi məqsədi ilə həyata keçirilən dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan müsabiqənin sonunda qiymətləndirmə nəticəsində verilmiş yekun bala əsasən qalib komanda müəyyənləşdirilmişdir.
Tədbirin sonunda qalib komandanın üzvləri mükafatlandırılmış və onlara sertifikatlar verilmiş, eyni zamanda müsabiqəyə hakim qismində cəlb edilmiş Baş Prokurorluğun əməkdaşlarına təşəkkürnamə təqdim olunmuşdur.