Prokurorluq işçiləri üçün silsilə tədris-maarifləndirmə tədbirləri

Azərbaycan Respublikası Baş prokurorunun 29.07.2021-ci il tarixli 09/12 №-li Sərəncamına əsasən Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq işçiləri üçün “İstintaq, dövlət ittihamının müdafiəsi və cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, habelə insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi və qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi” mövzusunda təlimlər təşkil edilmişdir.
Təlimin tədris proqramına praktiki əhəmiyyət kəsb edən, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu, qanunvericiliyə edilmiş mühüm dəyişiklikləri, qüvvəyə minmiş yeni normativ aktları, habelə Konstitusiya və Ali məhkəmələrinin plenum qərarlarını əhatə edən müxtəlif aktual mövzular daxil edilmişdir.
Qarışıq formada (əyani və distant) keçirilmiş silsilə tədris tədbirləri 13.08.2021-ci ildən 24.12.2021-ci ilədək davam etmiş, tədris proqramına əsasən 30 məşğələ tədris olunmuş, təlimdə dinləyici qismində müxtəlif vaxtlarda yuxarı və tabe prokurorluqların 829 nəfər işçisi iştirak etmiş, təlimçi qismində isə Mərkəzin işçiləri ilə yanaşı, Baş Prokurorluğun müxtəlif idarələrinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları cəlb edilmişlər.
Təlim üzrə tədris məşğələləri müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə həyata keçirilmiş, təlimin keçirilmə qaydası barədə dinləyicilər əvvəlcədən təlimatlandırılmış, sınaqlar keçirilmiş, dinləyicilərin və təlimçilərin bir qismi iş yerindən, digər hissəsi isə Mərkəzdə zəruri avadanlıqla təchiz edilmiş xüsusi auditoriyadan tədbirə qoşulmuşlar.
Bu təlim çərçivəsində Baş prokurorun 05.11.2021-ci il tarixli 09/20 №-li Əmrinin 14-cü bəndinə uyğun olaraq prokurorluq işçiləri tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının dərindən öyrənilməsi məqsədilə 3 seminar-məşğələ keçirilmiş, dinləyiciləri maraqlandıran sualların hüquqa və təcrübəyə əsaslanan cavablandırılması təmin edilmişdir.