QƏLƏNDƏRLİ NİGAR HÜSEYN QIZI

Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının katibi, kiçik ədliyyə müşaviri

Qələndərli Nigar Hüseyn qızı 10 may 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2005-ci ildə Bakı şəhəri 160 №-li məktəbi əla qiymətlərlə bitirmişdir.
Həmin ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olmuş və 2009-cu ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2009 – 2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin cinayət hüququ ixtisası üzrə magistratura pilləsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Hələ tələbəlik dövründən Tələbə Elmi Cəmiyyətinin işində fəal iştirak etmiş, elmi yaradıcılıq fəaliyyətinə böyük maraq göstərmişdir.
2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda hüquq üzrə fəlsəfə doktoru proqramı ilə doktoranturaya daxil olmuşdur. Doktoranturada təhsil aldığı zaman tədqiqat mövzusu ilə bağlı 3 il ərzində müntəzəm olaraq Türkiyənin Koç Universitetində Harvard Universiteti tərəfindən təşkil olunmuş elmi mübadilə çərçivəsində ixtisasartırma kurslarını bitirmiş və müvafiq diplomlara layiq görülmüşdür. 2014-cü ilin dekabr ayında “Azərbaycan qanunvericiliyində pasiyent hüquqları və beynəlxalq təcrübə” mövzusunda dissertasiya işini müdafiə etmiş və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2017-ci ildə hüquq üzrə elmlər doktoru proqramı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun doktoranturasına qəbul olunmuşdur.
Nigar Qələndərli hüquq elminin müxtəlif sahələrinə aid bir çox beynəlxalq və respublika əhəmiyyətli elmi konfransların, o cümlədən ABŞ, İsrail, Kanada, İsveç, İtaliya, Şri-Lanka, Rusiya, Yaponiya, Türkiyədə keçirilən beynəlxalq elmi konfransların iştirakçısı olmuş, geniş elmi məruzələrlə çıxış etmiş, müxtəlif sertifikat və təltiflərə layiq görülmüşdür. Eyni zamanda, o, Bakıda 2011-ci ilin iyun ayında keçirilən Bioetika üzrə XVIII beynəlxalq elmi konfransda fəal iştirakına görə YUNESKO-nun xüsusi diplom və sertifikatına layiq görülmüşdür. 2012-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində pedaqoji fəaliyyətə başlamış və dosent əvəzi vəzifəsində çalışmışdır. YUNESKO üzrə Müəllimlərin Beynəlxalq Forumunun, Dünya Tibbi Hüquq Assosiasiyasının, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
N.H.Qələndərli 2011 – 2019-cu illər ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində çalışmış, 2019-cu ilin mart ayından Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat idarəsinin prokuroru, 2020-ci ilin iyul ayından Elm-Tədris Mərkəzinin böyük prokuroru olmuşdur. 2022-ci ilin avqust ayından Baş prokuror cənab Kamran Əliyevin müvafiq əmri ilə Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi vəzifəsində işləyir. O, 2021-ci il noyabrın 1-də Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv- dövlətlərin Baş Prokurorları Şurasının təsis edilməsi ilə bağlı təşkil olunmuş beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsində fəal iştirakına və ona həvalə olunmuş tapşırıqları nümunəvi icra etdiyinə görə Baş Prokurorun əmrinə əsasən qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
Nigar Qələndərli müntəzəm olaraq elmi tədqiqatlar aparır. Onun məqalələri yüksək impakt faktoru olan indeksli jurnallarda, o cümlədən Thomson Reuters siyahısında olan jurnalda çap olunmuşdur. N.H.Qələndərli hüquq elminin müxtəlif sahələrinə aid 74 elmi əsərin, o cümlədən bir monoqrafiya, yeddi tədris proqramı, bir kitab, bir dərs vəsaitinin müəllifidir.
Ailəlidir, 2 övladı var.

Əlaqə vasitələri
xidməti telefon: (+99412) 3611403
e-mail ünvan: n.galandarli@prosecutor.gov.az