Çıxarış

Azərbaycan Respublikası Baş Prokurorluğunun
İŞİN TƏŞKİLİ QAYDALARI

 

23. Elm-Tədris Mərkəzi

23.1.    Prokurorluq əməkdaşlarının nəzəri biliklərinin və peşə hazırlığının artırılması məqsədilə tədrisin təşkili funksiyasını həyata keçirir, elmi-praktiki təhlil və tədqiqatların aparılmasını təmin edir.
23.2.    Prokurorluq orqanlarına işə qəbulun beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmasında iştirak edir.
23.3.    Prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün icbari təlimlərin keçirilməsini təşkil edir.
23.4.    Prokurorluğa işə qəbul olunanları zəruri peşə bilik və bacarıqlarının, həmçinin nəzəri biliklərinin və peşə hazırlıqlarının artırılması üçün müvafiq tədris kurslarına cəlb edir, hazırlıq proqramlarını həyata keçirir, nəticələrini qiymətləndirir. Dinləyicilərin tədrisə münasibətinə dair rəy verir. Tədris planını yerinə yetirməyən, yaxud daxili intizam qaydalarını pozan əməkdaşlar və dinləyicilər barəsində intizam tənbehinin tətbiqi ilə əlaqədar xidməti yoxlamanın aparılması məsələsini qaldırır.
23.5.    Hüquq mühafizə orqanlarının və xarici tərəfdaşların əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlər təşkil edir.
23.6.    Xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan işçilərin peşə hazırlığının artırılması işini təşkil edir.
23.7.    Dinləyicilərin xarici dilləri və informasiya texnologiyalarının tətbiqi vərdişlərini öyrənmələri üçün fakültativlər təşkil edir.
23.8.    Tədris zamanı müxtəlif prosessual hərəkətlərin dinləyicilər tərəfindən öyrənilməsini təşkil edir.
23.9.    Müvafiq bilik və təcrübəyə malik olan prokurorluq əməkdaşlarını ödənişli əsaslarla mühazirələr oxumaq, məşğələlər keçirmək və digər formalarda tədris prosesində iştirak etmək üçün dəvət edir. Həmçinin, yüksək ixtisaslı şəxsləri, eləcə də ali məktəblərin, digər elm-tədris müəssisələrinin, hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşlarını, vəkilləri əmək haqqının saat hesabı ödənilməsi şərti ilə tədris prosesinə cəlb edir.
23.10.  Təcrübə keçmək üçün işçilərin aparıcı təhsil və elmi-tədqiqat idarə və təşkilatlarına, təlim kurslarına göndərilməsi ilə bağlı təkliflər verir.
23.11.  Elmi-nəzəri və praktiki tədqiqatların aparılması funksiyasını həyata keçirir.
23.12.  Elmi-nəzəri və praktiki tədqiqatların aparılmasını təmin etmək üçün Baş Prokurorluğun struktur qurumlarından və tabe prokurorluqlardan müxtəlif xarakterli (statistik, analitik, operativ və s.) məlumatlar, sənədlər və materiallar alır.
23.13.  Elmi-tədqiqat və tədris qurumları, eləcə də dövlət orqanları ilə əməkdaşlıq edir.
23.14.  Prokurorluğun fəaliyyəti üçün prioritet təşkil edən tədqiqat sahələrini və onlarla bağlı tədqiqatların aparılması qaydalarını və müddətlərini müəyyən edir, müsabiqələr keçirir.
23.15.  Kriminalistika sahəsində xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənir, elmi və təcrübi nailiyyətlərin, cinayət təqibi zamanı istifadə olunan mütərəqqi üsul və vasitələrin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyətində istifadə olunması üçün təkliflər verir.
23.16.  Tədris-metodiki ədəbiyyatın hazırlanmasını həyata keçirir.
23.17.  Prokurorluğun digər struktur qurumlarına metodiki ədəbiyyatın hazırlanmasında köməklik edir, həmin metodiki ədəbiyyatın Elmi-Məsləhət Şurasında müzakirəsini təmin edir.
23.18.  Elmi-Məsləhət Şurasının katibliyi funksiyalarını həyata keçirir.
23.19.  Prokurorluq sisteminə daxil olan qurumların fəaliyyətində risk göstəricilərinin müəyyən olunmasında iştirak edir, risk göstəricilərini nəzərə almaqla, strateji inkişaf konsepsiyasına dair təkliflər verir.
23.20.  İbtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasında iştirak edir.
23.21.  Tədrisə münasibəti müsbət olan və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində fəal çalışan, o cümlədən elmi tədqiqatlarda iştirak edən, həmin tədqiqatlar üçün müvafiq iş təcrübəsi barədə material təqdim edən, yüksək keyfiyyətli mühazirələr oxuyan prokurorluq işçilərini müəyyən edərək həmin prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi zamanı “peşə bilikləri”nə dair rəyini bilavasitə rəhbər vəzifəli şəxslərə təqdim etməklə, qiymətləndirmənin obyektiv həyata keçirilməsinə metodiki yardım göstərir;
23.22.  Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksinin (bundan sonra - Etik Davranış Kodeksi) dövri olaraq təkmilləşdirilməsini, onların tətbiqinin izah olunması, praktiki təlimatların hazırlanması işini təşkil edir və konfidensial konsultasiyanı həyata keçirir.
23.23.  Etik Davranış Komissiyasının,  “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqə komissiyalarının katibliyi funksiyasını həyata keçirir.
23.24.  Etik Davranış Kodeksinin mütəmadi tədrisini  təşkil edir.
23.25.  Etik Davranış Kodeksinin tətbiqi təcrübəsini, o cümlədən Etik Davranış Komissiyasının qəbul etdiyi qərarları dövri olaraq ümumiləşdirir.
23.26.  Etik davranışla bağlı prokurorluq işçilərinin suallarını və sorğularını cavablandırır. 
23.27.  Etik Davranış Kodeksinin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi nəticəsində etik dilemma nümunələrini hazırlayır və dərc edir.
23.28.  Prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə dair təklifləri qəbul edir, həmin təklifləri ümumiləşdirərək hesabat hazırlayır.
23.29.  Elmi-tədqiqat tədbirlərində prokurorluğu təmsil edir, prokurorluğun bu tədbirlərdə, eləcə də tədris tədbirlərində iştirakı formaları  barədə rəy verir, onların nəticələrinin öyrənilməsi və təcrübədə tətbiqi imkanlarını araşdırır.
23.30.  Elmi və elmi-metodiki konfranslar, seminarlar və müşavirələr keçirir.
23.31.  Dövri elmi-praktiki jurnalların dərc olunmasını təmin edir.
23.32.  Hüquqi bilikləri təbliğ edir, maarifləndirmə işlərini həyata keçirir, bu sahədə  əlaqələr qurur.
23.33.  Müxtəlif komissiyaların, işçi qrupların, ekspert müşavirələrinin fəaliyyətində iştirak edir.
23.34.  Mərkəz müəyyən olunmuş formada öz adını əks etdirən möhürə, ştamplara, blanklara malikdir.

Bölmə 19. Elm-Tədris Mərkəzi

Fəsil 52. Ümumi məsələlər

245.  Tədrisin təşkili və elmi-praktiki tədqiqatların aparılması

245.1.  Elm-Tədris Mərkəzi (bundan sonra Mərkəz) prokurorluq işçilərinin nəzəri biliklərinin və peşə hazırlığının artırılması məqsədilə müxtəlif tədris tədbirlərindən (kurs, təlim, konfrans, seminar, təcrübə mübadiləsi və digər) istifadə edir. Tədris prosesi sistemli şəkildə bütün işçiləri (ilk üç təsnifat vəzifələri istisna olmaqla) əhatə etməklə, mütəmadi və ya hər hansı konkret məsələ ilə bağlı təşkil olunur. Tədris prosesi həm əyanı, həm də distant formatda həyata keçirilə bilər. Bir qayda olaraq, hər bir prokurorluq işçisi 3 ildə bir dəfə, eləcə də fəaliyyət istiqamətini dəyişərkən və vəzifədə irəli çəkilərkən tədris tədbirlərinə cəlb edilir. İşçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı onun təhsilə münasibəti, nəzəri, bilik və peşə hazırlığı nəzərə alınır.
245.2.  Mərkəzdə tədris tədbirləri müvafiq proqramlar və tədris-tematik planlarına əsasən həyata keçirilir. Tədbirin formasından, müddətindən və məzmunundan asılı olaraq, Mərkəz tərəfindən proqramlarda tədris olunacaq hüquq sahələri və digər tədbirlər, eləcə də onların tədris həcmləri müəyyən edilir. Bu proqramlara uyğun tərtib edilən tədris-tematik planlarda isə mövzular və keçiriləcək tədbirlər (mühazirə, praktiki məşğələ, dəyirmi masa, səhnələşdirilmiş istintaq və məhkəmə prosesləri, real istintaq hərəkətlərin aparılmasında iştirak, mədəni tədbirlər və sair), təlimçi və məşğələlərə görə məsul şəxslər, məşğələlərin keçirilmə yeri, tarixi və vaxtları göstərilir. Dinləyicilərin dairəsi Mərkəzin öz mülahizəsinə görə, habelə tədbirin keçirilməsinə maraqlı olan qurum tərəfindən müəyyən edilir. Təlimçilər və məşğələlərə görə məsul şəxslər Mərkəz tərəfindən müəyyən edilir. Təlimçilər qısa və ya uzun müddətə Mərkəzə ezam oluna bilərlər. 
245.3.  Prokurorluq işçilərinin tədrisə vaxtında cəlb olunması üçün Mərkəz qulluğa qəbul olunan, vəzifəsini dəyişən, qulluq keçməsinə xitam verilən şəxslər barədə Kadrlar idarəsindən mütəmadi məlumat alır. Mərkəzdə dinləyici qismində tədrisə cəlb edilmiş işçilərin adlı siyahısı aparılır, onların müsbət dinamika müşahidə edilən prokurorluq orqanlarına iş təcrübəsinin öyrənilməsi üçün qısa və uzunmüddətli ezam olunması barədə məsələ qaldırılır.
245.4.  Tədris sahəsində görülmüş işlərin vəziyyəti təhlil olunur və təhlilin nəticələri Mərkəzin hesabatlarında əks etdirilir.

Fəsil 53. Qulluğa qəbul olunanlarla iş

246.  Prokurorluq orqanlarına qulluğa qəbul olunanlar üçün icbari təlimlər

246.1.  Mərkəz prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün nəzərdə tutulmuş icbari təlimi təşkil edir. İcbari təlimin keçirilməsi vaxtı və müddəti Müsabiqə Komissiyasının təklifləri nəzərə alınmaqla, Baş prokuror tərəfindən təsdiq edilir. Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən təqdim edilmiş dinləyici qismində iştirak edəcək şəxslərin siyahısı, habelə təlimçi qismində dəvət olunacaq şəxslər barədə məlumatlar əsasında Mərkəz tərəfindən hazırlanmış icbari təlimin tədris proqramı Baş prokurorun müvafiq sərəncamı ilə təsdiq edilir. Tədris proqramında aktuallığı ilə seçilən, dinləyicilərdə ilkin peşə vərdişlərinin formalaşmasına töhfə verəcək mövzulara üstünlük verilir. Təlimçi qismində təcrübəli prokurorluq əməkdaşları ilə yanaşı, digər dövlət orqanlarının, ali təhsil müəssisələrinin nümayəndələri də dəvət oluna bilər.
246.2.  Müsabiqə Komissiyası tərəfindən dinləyicilərin nəticələrinin qiymətləndirilmə qaydası və qiymətləndirməni keçirəcək İmtahan komissiyasının tərkibi müəyyən edilir.
246.3.  Qiymətləndirmənin nəticələri İmtahan komissiyasının protokolu ilə rəsmiləşdirilir, bu nəticələrindən şikayətlərə Müsabiqə Komissiyasında baxılır. Müsabiqə Komissiyasının sədri tərəfindən icbari təlimin nəticələri Baş prokurora məruzə edilir və bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər prokurorluğa qulluğa qəbul edilirlər.

247.  Prokurorluğa işə qəbul olunanlar üçün tədris kursları

247.1.  Prokurorluq orqanlarına qulluğa qəbul olunmuş və stajorluq keçən işçilər üçün hazırlıq kursları bir qayda olaraq Baş Prokurorluğun fəaliyyət planlarına əsasən təşkil edilir. Mərkəzdə hazırlıq kursunun təşkilinə və tematikasına görə məsul şəxslər müəyyən edilir.
247.2.  Hazırlıq kursunun təşkilinə görə məsul şəxs Kadrlar idarəsi ilə hazırlıq kursunun müddətini və keçirilmə tarixini, kursda dinləyici qismində iştirak edəcək şəxslərin siyahısını müəyyən edir. Kursun tematikasına görə məsul şəxs tədris proqramını hazırlayır, məşğələlərin keçirilmə formaları barədə Mərkəzin əməliyyat iclasında təkliflər irəli sürür. İclasda bu tədbirlər müzakirə edilir, məqbul hesab edilən mövzular üzrə təcrübəli təlimçilər müəyyən edilir. Kursun təşkilinə görə məsul şəxs, artıq müəyyən edilmiş bu məlumatlara əsasən tədris-tematik planı hazırlayır. Mərkəzin rəisi kursun tədris-tematik planını, dinləyicilərin siyahısını təsdiq olunması məsələsinə baxılması üçün Baş prokurora təqdim edir. Baş prokurorun sərəncamı ilə təsdiq olunmuş bu sənədlərdən çıxarışlar təlimdə iştirak edəcək təlimçilərin iş yerlərinə və prokurorluğun aidiyyəti qurumlarına göndərilir. 
247.3.  Kursun tematikasına görə məsul şəxs təlimçilərlə işçi qaydasında əlaqə saxlayaraq, tədris olunacaq tədbirlərin məzmunları ilə əvvəlcədən tanış olur, təlimçilərlə özünün metodiki bilikləri ilə bölüşür və bu tədbirin keyfiyyətinə görə məsuliyyət daşıyır. Kursun təşkilinə görə məsul şəxs kursun tədris-tematik planına uyğun keçməsinə və dinləyicilərin davamiyyətinə nəzarət edir, onların tədrisə münasibətinə dair rəy verir, tədris planını yerinə yetirməyən, yaxud daxili intizam qaydalarını pozan işçilərin intizam məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırır, tədris prosesi zamanı yaranan problemləri (texnologiyaların istifadəsi, təlimçilərin əvəz olunması, maddi təminat və sair məsələlər) aradan qaldırır, tədbirin uğurlu başa çatmasına görə məsuliyyət daşıyır.
247.4.  Hazırlıq kursunun nəticəsi Mərkəzin rəisi tərəfindən Baş prokurora məruzə edilir, kursun yekunu üzrə dinləyicilərin bilik göstəriciləri barədə məlumatlar şəxsi işlərinə əlavə edilməsi üçün Baş Prokurorluğun Kadrlar idarəsinə təqdim edilir.

Fəsil 54. Peşə hazırlığının artırılması

248.  Hüquq mühafizə orqanlarının və xarici tərəfdaşların əməkdaşları üçün ixtisaslarının artırılması üçün təlimlər

248.1.  Baş prokurorun tapşırığına, Baş Prokurorluğun fəaliyyət və sair planlarına əsasən Mərkəzdə hüquq mühafizə orqanlarının müstəntiq, təhqiqatçı və əməliyyatçılarının, habelə xarici tərəfdaşların əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlər təşkil edilir.
248.2.  Təlimin təşkilinə görə məsul şəxs təlimdə iştirak edəcək qurumla təlimin mövzusunu, təlimin müddətini və keçirilmə tarixini, təlimdə dinləyici qismində iştirak edəcək şəxslərin dairəsini, onların təcrübə səviyyəsini müəyyən edir. Təlimin tematikasına görə məsul şəxs təlimin mövzusu üzrə mövcud olan aktual problemləri müəyyən edir, dinləyicilərin təcrübə səviyyəsini nəzərə alaraq həmin təlimin proqramını hazırlayır, mövcud olan problemlərin həllinə yönəlmiş tədris tədbirləri və onların keçirilmə formaları barədə Mərkəzin əməliyyat iclasında təkliflər irəli sürür. Mərkəzin əməliyyat iclasında bu tədbirlər müzakirə edilir, məqbul hesab edilən tədris tədbirləri üzrə təcrübəli təlimçilər müəyyən edilir.
248.3.  Təlimin təşkilinə görə məsul şəxs, artıq müəyyən edilmiş bu məlumatlara əsasən, təlimçilərin və dinləyicilərin iş qrafikinə uyğun olaraq təlimin tədris-tematik planını hazırlayır. Mərkəzin rəisi bu sənədlərin layihəsini təsdiq olunması məsələsinə baxılması üçün Baş prokurora təqdim edir. Baş prokurorun sərəncamı ilə təsdiq olunmuş sənədlərdən çıxarışlar təlimdə iştirak edəcək quruma, təlimçilərin iş yerlərinə və prokurorluğun aidiyyəti qurumlarına göndərilir. Təlimin tematikasına görə məsul şəxs təlimçilərlə işçi qaydasında əlaqə saxlayaraq, tədris olunacaq tədbirlərin məzmunları ilə əvvəlcədən tanış olur, təlimçilərlə özünün metodiki bilikləri ilə bölüşür və bu tədbirin keyfiyyətinə görə məsuliyyət daşıyır. Təlimin təşkilinə görə məsul şəxs, təlimin tədris-tematik planına uyğun keçməsinə və dinləyicilərin davamiyyətinə nəzarət edir, tədris prosesi zamanı yaranan problemləri aradan qaldırır, tədbirin uğurlu başa çatmasına görə məsuliyyət daşıyır.
248.4.  Təlimin nəticəsi Mərkəzin rəisi tərəfindən Baş prokurora məruzə edilir, təlimin yekunu üzrə dinləyicilərin bilik göstəriciləri barədə məlumatlar onların işlədikləri quruma göndərilir.

249.  Xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilərin peşə hazırlığının artırılması işinin təşkili

249.1.  Mərkəz Baş prokurorun tapşırığına əsasən, habelə xidməti zərurətlə əlaqədar prokurorluqda çalışan dövlət qulluqçularının bilik və peşə hazırlığının artırılması məqsədilə müxtəlif tədris tədbirləri həyata keçirir. Tədris tədbirləri sistemli şəkildə bütün işçiləri əhatə etməklə mütəmadi və ya hər hansı konkret məsələ ilə bağlı təşkil olunur.
249.2.  Bu tədris tədbiri də Mərkəzdə təşkil olunan digər tədbirlərə uyğun: tədris proqramından, tədris-tematik plandan, tədbirin keçirilməsinə və tematikasına görə məsul şəxslərin əməyindən istifadə edilməklə keçirilir. Tədris prosesində xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilərin peşə sahələri nəzərə alınmaqla, onlara dövlət qulluğuna və kargüzarlığa aid normativ aktlarla bağlı, elektron hökumət, EPİS və sair proqramlardan istifadə qaydalarına dair biliklər tədris edilir. Dinləyicilərə müvafiq tədris prosesində iştirakını və yekun imtahanın nəticəsini təsdiq edən şəhadətnamə verilir.

250.  Fakültativ kursların təşkili

250.1.  Baş prokurorun tapşırığına əsasən, habelə tədris və ya metodiki zərurət yarandığı halda Mərkəzdə xarici dillərin və informasiya texnologiyalarının tətbiqinin öyrənilməsi ilə bağlı fakültativ kurslar təşkil edilir. Bu növ kursların təşkili üçün ilkin olaraq daha çox ehtiyacı olan sahə (dil və kompüter vərdişləri) və dinləyicilərin dairəsi müəyyən edilir, dinləyicilərin bilik səviyyəsinə uyğun olaraq tədris proqramları və kursun təşkili ilə bağlı digər sənədlərin layihələri hazırlanır və təsdiq olunması məsələsinə baxılması üçün Baş prokurora təqdim olunur. Həmin sənədlərdə kursun keçirilmə formatı, müddəti, təlimçilər və sair öz əksini tapır. Bir qayda olaraq, bu növ kurslar bir neçə mərhələli, əyani və ya distant formada təşkil olunur.
250.2.  Baş prokurorun razılığı ilə bu kimi fakültativ kursların keçirilməsinə müvafiq sahədə pedaqoji təcrübəsi olan ali təhsil mütəxəssisləri və ixtisaslaşmış kurslar təşkil edən təşkilatların əməkdaşları cəlb edilir. Mövzu seçimi, məşğələ formaları və onların tədris həcmi həmin şəxslərlə razılaşdırılır. Kənardan tədrisə cəlb olunun əməkdaşlarla Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsi arasında müqavilə bağlanılır və həmin şəxslərə saat hesabı əmək haqqı ödənilir.
250.3.  Tədrisin gedişi vaxtaşırı Mərkəzdə müzakirə edilir, görülmüş işlər dəyərləndirilir və zərurət yarandıqda təkmilləşdirilir. Kursun yekunu üzrə əldə edilmiş biliklər qiymətləndirilir, protokollaşdırılır və yekun sənəd şəxsi işə tikilməsi üçün Baş Prokurorluğun Kadrlar idarəsinə göndərilir. Mərkəzin rəisi tərəfindən kursun yekunu və nəticəsi barədə Baş prokurora məruzə edilir.

251.  Müxtəlif prosessual hərəkətlərin öyrənilməsi

251.1.  Mərkəzdə təşkil olunan tədris tədbirlərin praktiki əhəmiyyətini artırmaq və müasir tələblər səviyyəsinə qaldırmaq məqsədilə bütün təlim formalarından, o cümlədən cinayət təqibi, eləcə də cinayət təqibindən kənar icraatlar üzrə müxtəlif prosessual hərəkətlərin dinləyicilər tərəfindən müşahidəsinin təşkilindən istifadə edilir. Bunun üçün iş prosesi müxtəlif olan və inzibati binasının şəraiti imkan verən hər hansı qurumla əvvəlcədən razılaşma əldə edilir ki, Mərkəzdə dinləyici qismində cəlb edilmiş şəxslər həmin qurumda həyata keçirilən prosessual hərəkətləri müşahidə edə bilərlər. Razılaşmaya uyğun olaraq, Mərkəzdə təşkil olunan tədbirin tədris-tematik planına müvafiq prosessual hərəkətlərin dinləyicilər tərəfindən həmin qurumda müşahidəsi daxil edilir və bu planın surəti məlumat üçün həmin quruma göndərilir. Mərkəzin məsul işçisinin müşayiəti ilə bu planda nəzərdə tutulmuş tarixdə müvafiq qurumda cinayət təqibi üzrə müxtəlif prosessual hərəkətlərin dinləyicilər tərəfindən müşahidəsi təşkil edilir. Müşahidə zamanı əldə olunmuş biliklər tədris gedişatında daha da dərinləşdirilir.

252.  Mühazirəçilərin cəlb olunması

252.1.  Mərkəzdə təşkil olunan tədris tədbirlərində ödənişli əsaslarla təlimçi qismində iştirak etmək üçün xüsusi bilik və təcrübəyə malik olan prokurorluq əməkdaşları ilə yanaşı, digər dövlət orqanlarının yüksək ixtisaslı işçiləri, Bakı Dövlət Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, eləcə də digər yerli və xarici təhsil, elmi-tədris müəssisələrinin, hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşları, hakimlər və vəkillər cəlb oluna bilər. Bunun üçün tədris tədbirinin keçirilməsinə məsul şəxs əvvəlcədən bu qəbildən olan təlimçilərlə əlaqə qurur və onlarla təşkilatı məsələləri həll edir, bundan sonra onların adları tədbirin tədris-tematik planına daxil edilir. Təlimçilərə ödəniş məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.08.2019-cu il tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” və digər əlaqəli normativ hüquqi aktlara əsasən Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsi həyata keçirir.
252.2.  Əksər hallarda, xüsusən bu qəbildən olan təlimçilərin fəaliyyəti Mərkəz tərəfindən təhlil edilir, onların tədris etdiyi məşğələlərə anonim sorğu vasitəsilə dinləyicilərin münasibəti öyrənilir, bu məlumatlar əsasında, habelə yekun üzrə qiymətləndirmə zamanı əldə olunmuş biliklərin vəziyyətindən asılı olaraq təlimçilərlə Mərkəzin gələcək əməkdaşlıq münasibətləri müəyyən edilir.

253.  İşçilərin kurslara göndərilməsi

253.1.  Prokurorluq orqanlarını ixtisaslı kadrlarla təmin etmək, işçilərin nəzəri və peşə hazırlığını artırmaq məqsədilə yerli və xarici dövlətlərin, habelə beynəlxalq təşkilatların təhsil sistemindən istifadə olunur. Bunun üçün Baş prokurorun razılığı ilə yüksək potensiallı müasir tədris imkanları olan yerli, xarici və beynəlxalq təhsil müəssisələri və elmi-tədqiqat təşkilatları ilə əvvəlcədən Mərkəz memorandum imzalayır. Memorandumda təcrübə keçmək üçün prokurorluq işçilərinin həmin müəssisə və təşkilatlara göndərilməsi, orada təlim kurslarına cəlb olunması şərtləri öz əksini tapır.
253.2.  Xidməti zərurət yarandığı halda, yuxarıda göstərilən tədbirlərə cəlb olunması üçün Mərkəzin və prokurorluğun digər qurumlarının işçilərinin dairəsi müəyyən edilir. Memorandumda müəyyən edilmiş şərtlərlə həmin işçilərin müvafiq müəssisə və təşkilatlarda təcrübə və ya təlim keçməsi üçün Mərkəz rəisi Baş prokuror qarşısında məsələ qaldırır. Bu tədbirlərin təmin edilməsi Baş Prokurorluğun aidiyyəti qurumlarına tapşırılır. Tədbirlərin nəticələri Baş prokurora məruzə olunur.

Fəsil 55. Tədqiqatların aparılması

254.  Elmi-nəzəri və praktiki tədqiqatların aparılması funksiyasının həyata keçirilməsi.

254.1.  Mərkəz elmi-nəzəri və praktiki tədqiqatları (bundan sonra – Tədqiqatlar) prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Baş prokurorun təsdiq etdiyi illik və yarımilik planlara, Baş Prokurorluğun Kollegiyasının, Baş prokurorun yanında Əməliyyat müşavirəsinin qərarlarına, Baş prokurorun tapşırığına, eləcə də tədris və ya metodiki zərurət yaranması ilə əlaqədar Mərkəzin əməliyyat iclasının qərarına (bu qərar Baş prokurora məruzə edildikdən və onun razılığı alındıqdan sonra) əsasən aparılır. Tədqiqatlar aparılması təşəbbüsü prokurorluğun hər bir qurumu, işçisi tərəfindən qaldırıla bilər və yuxarıda qeyd olunan qaydada baxılır.
254.2.  Tədqiqatların aparılması Mərkəzin müvafiq şöbələri tərəfindən həyata keçirilir. Tədqiqatın aparılması hər hansı prokuror və ya dövlət qulluqçusuna, habelə onlardan ibarət qrupa tapşırılır. Bu qruplara Baş prokurorun razılığı ilə digər prokurorluq işçiləri və qurumları da cəlb oluna bilər. Tədqiqat Mərkəzin rəisi tərəfindən təsdiqlənmiş Tədqiqat planına uyğun aparılır. Bu plan konkret məqsədə nail olmaq üçün zəruri olan tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Tədqiqat qrupunun üzvləri tədqiqat üsullarını seçməkdə sərbəstdirlər. Tədqiqat predmeti olan məlumatlar prokurorluq orqanlarına, habelə digər dövlət və bələdiyyə orqanlarına, hüquqi və fiziki şəxslərə Mərkəzin rəisi tərəfindən ünvanlanmış sorğular əsasında əldə olunur. Tədqiqatın gedişi vaxtaşırı Mərkəzin əməliyyat iclaslarında müzakirə olunmaqla, görülmüş işlər dəyərləndirilir, gələcək işlərin istiqaməti müəyyənləşdirilir, zərurət olduqda əlavə tədbirlərin dairəsi dəqiqləşdirilir.
254.3.  Tədqiqatın nəticəsi üzrə hazırlanmış yekun sənəd Mərkəzin əməliyyat iclasında müzakirə edilir və məqbul hesab olunduqda, müvafiq qərarla təsdiq edilir. Bu qərarda həmçinin tədqiqatın nəticələrinin prokurorluq orqanlarında istifadəsi üsulu və formaları göstərilir. Tədqiqatın nəticəsi üzrə hazırlanmış yekun sənəd Elmi-Məsləhət Şurasının müzakirəsinə çıxarıla bilər. Yekun sənəd və bununla bağlı müvafiq qərar Baş prokurora məruzə edilir. Baş prokurorun müəyyən etdiyi qaydada tədqiqatın nəticələri prokurorluğun fəaliyyətində istifadə edilir.

255.  Statistik, analitik, operativ və sair məlumatların, sənədlər və materiallar alınması

255.1.  Mərkəz elmi-nəzəri və praktiki tədqiqatların aparılmasını, habelə Baş Prokurorluğun və Mərkəzin iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədi ilə Baş Prokurorluğun qurumlarından və ona tabe olan prokurorluqlardan müvafiq sorğular verməklə müxtəlif xarakterli (statistik, analitik, operativ və sair) məlumatları, sənədləri və materialları tələb edə bilər. Bu sorğular tədqiqat qrupunun üzvləri tərəfindən hazırlanır və Mərkəzin rəisi tərəfindən təsdiqlənir. Sorğularda sənədlərin əsli və ya surəti, habelə məlumatların kağız və ya elektron formatında cavablandırılması tələb oluna bilər. Sorğularda başqa icra müddət nəzərdə tutulmayıbsa, onlara 10 iş günü müddətində cavab verilməlidir. Xidməti zərurət aradan qalxdıqda, sənədlərin əsli müvafiq quruma qaytarılır.

256.  Elmi-tədqiqat və tədris qurumları, eləcə də dövlət orqanlarının tədris qurumları ilə əməkdaşlıq

256.1.  Mərkəz Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən elmi-təhqiqat və təhsil müəssisələri, eləcə də dövlət orqanlarının tədris qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq qarşılıqlı razılıq əsasında və birgə layihələr çərçivəsində həyata keçirilir. Müvafiq müraciətlər olduqda, Mərkəz Baş prokurorla razılaşdırılmaqla digər dövlət orqanlarının əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə tədris kursları təşkil edir; ayrı-ayrı yüksək ixtisaslı şəxsləri, eləcə də ali məktəblərin, digər elmi-tədris müəssisələrinin, hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşlarını, məhkəmə hakimlərini Mərkəzin tədris prosesində və elmi işində iştirak etmək üçün dəvət edir; tədris prosesində onların avadanlığından və elmi-tədris bazasının digər obyektlərindən istifadə edir; kənar qurumların əməkdaşları ilə birgə elmi tədqiqatların aparılması zamanı onlara xüsusi kitabxanadan və informasiya fondundan, habelə aparılan tədqiqatların nəticələrindən (dövlət və ya istintaq sirini özündə əks edən məlumatlar istisna olmaqla) istifadə etməyə icazə verilir.

257.  Prioritet təşkil edən sahələr üzrə tədqiqatların təşkili

257.1.  Mərkəz prokurorluğun fəaliyyəti üçün zərurət kəsb edən prioritet tədqiqat sahələrini müəyyən edir və bu sahədə tədqiqatların aparılması üçün qapalı (yalnız prokurorluq işçilərinin iştirakını nəzərdə tutan) və açıq (maraqlı olan hər bir şəxsin iştirakını nəzərdə tutan) müsabiqələr elan edilməsi barədə Baş prokuror qarşısında məsələ qaldırır.
257.2.  Baş prokurorun razılığı ilə Mərkəz tərəfindən müsabiqə barədə rəsmi olaraq elan verilir. Elanda Mərkəzin əməliyyat iclasında təsdiq edilmiş müsabiqə şərtləri, aparılacaq tədqiqatın mövzusu, gözlənilən nəticə, nəticənin təqdim ediləcəyi müddət, müsabiqə nəticəsində qalib və ya qaliblər barədə həvəsləndirmə tədbirləri göstərilir. Qapalı müsabiqə elanı Mərkəzin portalında, açıq müsabiqə elanı isə mediada yerləşdirilir.
257.3.  Tədqiqat nəticələri Elmi-Məsləhət Şurasının müzakirəsinə çıxarılır, Şura aparılmış tədqiqatın hərtərəfliliyini və təqdim olunan nəticələrin prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyini nəzərə alınmaqla, qalib və ya qaliblər müəyyən edir. Mükafatlandırma təntənəli və ya adi qaydada, zərurət olduqda mediada işıqlandırmaqla, prokurorluq işçiləri üçün həvəsləndirmə tədbirləri formasında, digər şəxslər üçün isə pul və digər formada həyata keçirilir.

257.1.  Mərkəz prokurorluğun fəaliyyəti üçün zərurət kəsb edən prioritet tədqiqat sahələrini müəyyən edir və bu sahədə tədqiqatların aparılması üçün qapalı (yalnız prokurorluq işçilərinin iştirakını nəzərdə tutan) və açıq (maraqlı olan hər bir şəxsin iştirakını nəzərdə tutan) müsabiqələr elan edilməsi barədə Baş prokuror qarşısında məsələ qaldırır.
257.2.  Baş prokurorun razılığı ilə Mərkəz tərəfindən müsabiqə barədə rəsmi olaraq elan verilir. Elanda Mərkəzin əməliyyat iclasında təsdiq edilmiş müsabiqə şərtləri, aparılacaq tədqiqatın mövzusu, gözlənilən nəticə, nəticənin təqdim ediləcəyi müddət, müsabiqə nəticəsində qalib və ya qaliblər barədə həvəsləndirmə tədbirləri göstərilir. Qapalı müsabiqə elanı Mərkəzin vebsaytında, açıq müsabiqə elanı isə mediada yerləşdirilir.
257.3.  Tədqiqat nəticələri Elmi-Məsləhət Şurasının müzakirəsinə çıxarılır, Şura aparılmış tədqiqatın hərtərəfliliyini və təqdim olunan nəticələrin prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyini nəzərə alınmaqla, qalib və ya qaliblər müəyyən edir. Mükafatlandırma təntənəli və ya adi qaydada, zərurət olduqda mediada işıqlandırmaqla, prokurorluq işçiləri üçün həvəsləndirmə tədbirləri formasında, digər şəxslər üçün isə pul və digər formada həyata keçirilir.

258.  Kriminoloji tədqiqatların aparılması

258.1.  Kriminologiya sahəsində nəzəri və təcrübi tədqiqatların aparılması Mərkəzdə elmi-nəzəri və praktiki tədqiqatların aparılması mexanizminə uyğun həyata keçirilir. Bu növ tədqiqatların aparılmasına Mərkəzin əməkdaşları ilə yanaşı prokurorluğun digər qurumlarının, habelə başqa təşkilat və idarələrin əməkdaşları cəlb edilir. Belə tədqiqatların aparılması Baş prokurorun sərəncamı ilə təsis olunmuş müvafiq işçi qrupuna tapşırılır. Tədqiqat qrupunun rəhbərinin sorğusuna əsasən prokurorluq qurumları tərəfindən tədqiqat üçün vacib olan sənəd və məlumatlar qrupa təqdim edilir. Kriminoloji metodun və məlumatların seçimində Tədqiqat qrupu sərbəstdir. Tədqiqat qrupu kriminoloji metodlardan istifadə etməklə, konkret sahə və ya ərazi üzrə cinayətkarlığın statistik vəziyyətini, onun dinamikasını, cinayətkarlıqla mübarizə göstəricilərini, əlaqəli sosial, məişət və sair məsələləri öyrənir. Alınmış məlumatlar əsasında empirik fakt (müəyyən hadisələr haqqında eksperimental tədqiqatlar nəticəsində müəyyən edilmiş əsaslandırılmış elmi fikirdir) aşkarlanır. Empirik faktın ardınca nəzəri fakt müəyyən edilir. Nəticədə profilaktik istiqamətli təkliflər hazırlanır və Mərkəzə təqdim edilir. Mərkəzdə bu məlumatlar dəyərləndirilir və Baş prokurora məruzə edilir.
258.2.  Mərkəzdə kriminalistika sahəsində xarici dövlətlərin qabaqcıl təcrübəsi öyrənilir, cinayət təqibi zamanı istifadə olunan mütərəqqi üsul və vasitələrin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyətində geniş istifadə olunması üçün təkliflər verilir. Bu prosesə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi də cəlb oluna bilər. Baş prokurorun razılığı ilə bu işə cəlb edilmiş işçilər xarici ölkələrin kriminalistika ilə məşğul olan qurumlarına ezam edilir. Xarici təcrübə ilə yanaşı, kriminalistika sahəsində əldə olunmuş müsbət nailiyyətlərin bütün prokurorluq üçün tətbiqinin mümkünlüyü analiz edilir.

Fəsil 56. Vəsaitlərin hazırlanması

259.  Tədris-metodiki vasitələrin hazırlanması

259.1.  Prokurorluğun fəaliyyətinin metodoloji təminatı səviyyəsini qaldırmaq üçün Mərkəz tərəfindən yüksək keyfiyyət göstəricilərinə malik metodiki ədəbiyyat nümunələri hazırlanır. Mövzu seçimi zamanı prokurorluğun fəaliyyət istiqamətləri üzrə yol verilən xarakterik nöqsan və çatışmazlıqların, habelə prokurorluq işçilərinin mütəmadi rastlaşdıqları çətinliklərin aradan qaldırılması üsul və qaydalarına həsr olunmuş müasir elmi və praktiki nailiyyətlərin, texnologiyaların tətbiqini nəzərdə tutan mövzulara üstünlük verilir.
259.2.  Bunun üçün Mərkəzdə aparılan təhlil və tədqiqat materialları və nəticələri istifadə edilir. Bu tədbirləri həyata keçirmiş şəxslərə elmi-metodiki vəsaitlərin hazırlanması tapşırılır. Metodik ədəbiyyatın hazırlanması üçün tələb olunan ədəbiyyatın və digər məlumat mənbələrinin dairəsi müəllif tərəfindən müəyyən edilir. Həmin məlumatların əldə olunmasını Mərkəzin rəisi müvafiq sorğular (statistik, analitik və digər məlumatlara dair) vasitəsilə təmin edir. Hazır olan metodik ədəbiyyatın layihəsi təklif və tövsiyələrin öyrənilməsi üçün Baş Prokurorluğun aidiyyəti idarə və şöbələrinə göndərilir. Alınmış cavablar müəllif tərəfindən dəyərləndirir, layihəyə müvafiq dəyişikliklər edilir, rəy verilməsi üçün hazır nəşr Mərkəzin digər işçilərinə təqdim olunur.
259.3.  Bu nəşrə müsbət rəy verildikdə, o Elmi-Məsləhət Şurasının müzakirəsinə çıxarılır. Şura rəyi məqbul hesab etdikdə, elmi-metodiki vasitənin sayı müəyyən edilir və çapa verilməsi barədə qərar qəbul olunur. Metodik ədəbiyyatın çap olunması ilə bağlı maliyyə və digər texniki-təşkilatı məsələlər (çap edəcək nəşriyyatın müəyyən edilməsi, sifariş hazırlanması, ədəbiyyatın həmin nəşriyyata təqdim edilməsi, maliyyə vəsaitinin köçürülməsi, çap məhsulunun nəşriyyatdan alınması, saxlanmasını və sair) Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsi tərəfindən həll edilir. Nəşriyyat fəaliyyəti “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil olunur və həyata keçirilir. Mərkəz metodik ədəbiyyatın paylanmasını və uçot məsələlərini həll edir.

260.  Digər qurumlara metodiki ədəbiyyatın hazırlanmasına köməklik

260.1.  Prokurorluq qurumlarının, eləcə də ayrı-ayrı işçilərin metodoloji təminat prosesində səylərinin prioritet istiqamətlərə yönəltmək üçün Mərkəz koordinasiya işini həyata keçirir. Bu məqsədlə prokurorluq qurumu və ya işçisi metodik ədəbiyyatın nəşrinin hazırlanmasına dair təşəbbüsünü əsaslandırılmış müraciətlə Mərkəzə təqdim edir. Mərkəzdə bu təşəbbüs üzrə məsul işçi müəyyən edilir. Mövzu seçimi, metodik ədəbiyyatın əhatə edəcəyi sahələr, nəşrin həcmi, müddəti və digər məsələlər məqbul hesab edildikdə, Mərkəzin razılığı ilə onun hazırlanmasına başlanılır.
260.2.  Metodik ədəbiyyatın hazırlanması üçün tələb olunan məlumatlar müəllifin çalışdığı qurumun rəhbərinin müvafiq sorğusu (statistik, analitik və digər məlumatlara dair) əsasında əldə olunur. Mərkəz isə müəllifə nəşrin hazırlanmasına metodik yardım göstərir, onun kitabxana resurslarından istifadəsi üçün şərait təşkil edir. Hazır edilən metodik ədəbiyyatın layihəsi təklif və tövsiyələrin öyrənilməsi üçün Baş Prokurorluğun aidiyyəti idarə və şöbələrinə göndərilir. Alınmış cavablar müəllif tərəfindən dəyərləndirilir, layihəyə müvafiq dəyişikliklər edilərək, hazır nəşr Mərkəzə təqdim edilir.
260.3.  Metodik ədəbiyyat bu Qaydalarla müəyyən edilmiş formal tələblərə uyğun olduqda, Mərkəzdə onun çap olunması barədə müsbət rəy tərtib edir və hazır nəşr Elmi-Məsləhət Şurasının müzakirəsinə çıxarılır. Şura rəyi məqbul hesab etdikdə, nəşrin sayı müəyyən edilir və çapa verilməsi barədə qərar qəbul edilir. Mənfi rəy – layihənin arxivləşdirilməsi üçün əsas olur. Layihənin müəllifi bu qərardan şikayət edə bilər. Məsələ üzrə son qərar Baş prokuror tərəfindən qəbul edilir.
260.4.  Metodik ədəbiyyatın çap olunması ilə bağlı maliyyə və digər texniki-təşkilatı məsələlər (çap edəcək nəşriyyatın müəyyən edilməsi, sifariş hazırlanması, ədəbiyyatın həmin nəşriyyata təqdim edilməsi, maliyyə vəsaitinin köçürülməsi, çap məhsulunun nəşriyyatdan alınması, saxlanmasını və sair) Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsi tərəfindən həll edilir. Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi isə metodik ədəbiyyatın paylanmasını və uçot məsələlərini həll edir.
260.5.  Azərbaycan Respublikasının Prokurorluğu adından və onun maliyyə vəsaiti hesabına dərc edilən metodiki ədəbiyyat Baş Prokurorluğun “Elektron Kitabxanası”na daxil edilir.

Fəsil 57. Katiblik funksiyaları

261.  Elmi-Məsləhət Şurasının katibliyi

261.1.  Mərkəz Elmi-Məsləhət Şurasının katibliyi funksiyasını bu Qaydaların Ümumi hissəsində müəyyən edilmiş qaydada həyata keçirir.
261.2.  Şuranın katibliyi funksiyasının həyata keçirilməsi Mərkəzin konkret işçisinə həvalə edilir.
261.3.  Elmi-Məsləhət Şurasının fəaliyyəti ilə bağlı sənəd dövriyyəsi EPİS vasitəsi ilə həyata keçirilir.

262.  Etik Davranış Komissiyasının katibliyi

262.1.  Mərkəz Etik Davranış Komissiyasının katibliyi funksiyasını bu Qaydaların Ümumi hissəsində müəyyən edilmiş qaydada həyata keçirir.
262.2.  Komissiyanın katibliyi funksiyasının həyata keçirilməsi Mərkəzin konkret işçisinə həvalə edilir.
262.3.  Etik Davranış Komissiyasının fəaliyyəti ilə bağlı sənəd dövriyyəsi EPİS vasitəsi ilə həyata keçirilir.

263.  Etik Davranış Kodeksinin dövri olaraq təkmilləşdirilməsi

263.1.  Mərkəz bu sahədə xarici təcrübəni öyrənməklə və prokurorluq işçilərinin intizam məsuliyyətinə cəlb olunması ilə bağlı əmrlərin təhlili əsasında, onların rast gələ biləcəyi problemləri proqnozlaşdırır. Həmçinin krizis vəziyyətində, o cümlədən maraqların toqquşması zamanı prokurorluq işçisinin dilemma (iki mümkün imkanlardan birini seçmək zərurəti) qarşısında qaldığı halda, hansı hərəkətə üstünlük verilməsinin etik olduğuna dair Mərkəz rəy verir. Bu problemlərin qarşısının alınması üçün Mərkəz tərəfindən hazırlanan təkliflər vaxtaşırı Etik Davranış Komissiyasında müzakirəsi edilir, müzakirə nəticəsində Etik Davranış Kodeksinə müvafiq dəyişikliklər edilməklə, qaydalar təkmilləşdirilir.
263.2.  Bundan başqa, Etik Davranış Kodeksinin təcrübədə tətbiqi vəziyyəti, o cümlədən Etik Davranış Komissiyasının qəbul etdiyi qərarlar dövri olaraq Mərkəzdə ümumiləşdirilir. Bunun nəticəsində müəyyən edilmiş presedentlər nəzərə alınaraq, Mərkəz tərəfindən Etik Davranış Kodeksinin tətbiqinə dair praktiki təlimatlar və etik dilemma nümunələri hazırlanır. Baş prokurorun razılığı ilə bu sənədlər prokurorluq işçilərinə elan edilir.
263.3.  Eyni zamanda, Mərkəzin bu sahə üzrə məsul işçiləri Etik Davranışla bağlı prokurorluq işçilərinin sual və sorğularının düzgün cavablandırılmasını təmin edirlər. Sual və sorğular Mərkəzin internet üzərində olan portal, xidməti telefon və sair əlaqə vasitələri ilə Mərkəzə ünvanlana və müəllifin xahişi ilə bu proses gizli saxlanıla bilər. Cavabın məzmunu Etik Davranış Kodeksinin, bu Qaydaların tətbiqinə dair təlimat və etik dilemma nümunələrinin tələblərinə uyğun olmalıdır. Bu növ sual və sorğuların qeydiyyatı aparılmır.

264.  Etik Davranış sahəsində prokurorluq işçilərinin tədrisi

264.1.  Baş prokurorun tapşırığına, habelə Etik Davranış Komissiyasının tövsiyəsinə əsasən, Mərkəzdə Etik Davranış Kodeksinin tətbiqi ilə bağlı prokurorluq işçiləri üçün tədris kursları təşkil edilir. Bu tədris tədbiri də Mərkəzdə təşkil olunan digər tədbirlərə uyğun: tədris proqramından, tədris-tematik plandan, tədbirin keçirilməsinə və tematikasına görə məsul şəxslərdən istifadə edilməklə həyata keçirilir. Tədris prosesinə təlimçi qismində Mərkəzin işçiləri ilə yanaşı, prokurorluq orqanlarda uzunmüddətli qüsursuz fəaliyyət göstərən prokurorluq işçiləri cəlb oluna bilər.
264.2.  Həmçinin, Mərkəzdə təşkil olunan digər tədris tədbirlərinin proqramlarına da Etik Davranış Kodeksinin tətbiqi ilə bağlı mövzular daxil edilir.

Fəsil 58. Digər fəaliyyət növləri

265. Risk göstəricilərinin müəyyən olunmasında Mərkəzin iştirakı

265.1.  Prokurorluq sisteminə daxil olan qurumların fəaliyyətində risk göstəricilərinin müəyyən olunması məqsədilə struktur qurumların fəaliyyətinin qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi və təkmilləşdirilməsi üçün metodiki tövsiyələr verməklə risk göstəricilərinin müəyyən olunmasında iştirak edir.
265.2.  Risk göstəricilərini nəzərə almaqla, strateji inkişaf konsepsiyasına dair təkliflər verir.  Belə təkliflərdə, müvafiq qurumların səmərəli fəaliyyəti üçün həyata keçirilməsi vacib olan tədbirlər əks etdirilir. Mərkəzin rəisi tərəfindən irəli sürülmüş təkliflər barədə Baş prokurora məruzə edilir və Baş Prokurorluğun aidiyyəti struktur qurumlarına məlumat verilir.

266. Mərkəzin vahid təcrübənin formalaşdırılmasında iştirakı

266.1.  Mərkəz Baş prokurorun tapşırığına, Elmi-Məsləhət Şurasının qərarına və müvafiq planlara əsasən ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasını təmin etmək məqsədi ilə tədqiqatlar aparır. Tədqiqatın predmeti olan məlumatları əldə etmək üçün Mərkəz prokurorluq qurumlarına müvafiq sorğular ünvanlamaqla müxtəlif xarakterli məlumatları, sənədləri və işləri tələb edir. Bu növ tədqiqatın aparılması Mərkəzin və digər qurumların işçilərindən ibarət tədqiqat qrupuna tapşırılır. Tədqiqat qrupu bu sahədə mövcud olan problemi müəyyən edir, bu problemə prokurorluğun aidiyyəti qurumlarının və məhkəmə orqanlarının münasibətini öyrənir, daha sonra problemə aid müvafiq hüquq sahəsini və milli qanunvericiliyi nəzərdən keçirir, beynəlxalq təcrübədə bu kimi problemlərə müasir yanaşma qaydalarını araşdırır.
266.2.  Əldə edilmiş bu biliklər tədqiqat qrupu tərəfindən dəyərləndirilir, yaranmış problemin həllinə yönəlmiş əsaslandırılmış təkliflər hazırlanır və Elmi-Məsləhət Şurasının müzakirəsinə çıxarılır. Problemin məqbul hesab olunan həlli yolları Şuranın qərarı ilə təsdiqlənir. Baş prokurorun razılığı ilə Elmi-Məsləhət Şurasının bu qərarı tətbiq olunması üçün prokurorluq orqanlarına göndərilir.

267. Prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin qəbul edilməsi və ümumiləşdirilməsi

267.1.  Mərkəzin vebsaytına daxil olan, habelə prokurorluq orqanlarının fəaliyyətini təkmilləşdirən istiqamətdə irəli sürülmüş təkliflərə Mərkəzin əməliyyat iclasında baxır. Təkliflər həmin sahədəki münasibətləri tənzimləyən normativ hüquqi aktlar, eləcədə formalaşmış təcrübə baxımından təhlil edilir. Məqbul hesab olunan təkliflər əsaslandırılmış təqrirlə Baş prokurora məruzə edilir və ya tədbir görülməsi üçün prokurorluğun aidiyyəti qurumuna göndərilir.
267.2.  Mərkəzdə həmin təkliflər ümumiləşdirilir və idarənin illik hesabatında əks etdirilir.

268. Elmi-tədqiqat tədbirlərdə iştirak

268.1.  Mərkəzə elmi-tədqiqat və ya tədris tədbirində iştirak barədə dəvət daxil olduqda, müraciət üzrə icraçı müəyyən edilir. Həmin işçi ilk növbədə tədbirin formatını dəqiqləşdirir, tədbirin mövzusundan və proqramından asılı olaraq, prokurorluğun bu tədbirdə iştirakı forması və hüdudları barədə rəyini bildirir (tədbirin prokurorluq üçün əhəmiyyətli olub-olmaması, iştiraka zərurət yarandığı halda bu tədbirdə məhz hansı işçinin prokurorluğu təmsil etməsi, çıxış etməsi, məqalə hazırlaması və sair). Həmin rəyə əsasən, müraciət müəllifinə (zərurət olduqda tədbirdə iştirak edəcək prokurorluğun nümayəndəsinə) prokurorluğun bu tədbirdə iştirakı formaları və hüdudları barədə məlumat verilir. Tədbirdə iştirak etmiş işçi bu tədbirin gedişatı və nəticəsi barədə arayış tərtib edir, arayışda tədbir zamanı səslənmiş və ya nümayiş etdirilmiş müasir nailiyyətlərin prokurorluğun təcrübəsində tətbiqi imkanları barədə öz mülahizələrini bildirir. Əhəmiyyətindən asılı olaraq, bu məlumatlar Baş Prokurorluğun rəhbərliyinə və yaxud aidiyyəti prokurorluq qurumuna ötürülür.
268.2.  Cinayətkarlığın müasir inkişaf meyllərinin və regional xüsusiyyətlərinin, ona qarşı mübarizənin yeni üsullarının və qabaqcıl təcrübənin, həmçinin xarici ölkələrin hüquq-mühafizə təhsil müəssisələrinin təhsil və elmi resurslarının öyrənilməsi məqsədi ilə elmi-metodiki konfransların, seminarların və müşavirələrin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu tədbirlər nəticəsində cinayətkarlığın kriminoloji tədqiqi sahəsində qarşılıqlı əlaqələr yaranır, beynəlxalq əməkdaşlıq möhkəmlənir və etibarlı tərəfdaşlıq münasibətləri inkişaf edir.
268.3.  Azərbaycan Prokurorluğunun bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi məqsədilə Mərkəz bu kimi tədbirlərin keçirilməsi üçün təşəbbüs göstərir, cinayətkarlıqla mübarizənin aktual problemlərini aşkar edir, müzakirə obyekti olacaq mövzuların dairəsini müəyyən edir. Mərkəz tərəfindən keçiriləcək tədbirin forması, tarixi, yeri, iştirak edəcək şəxslərin sayı və şərtləri, tələb olunacaq mətbu nəşrlər və sair məsələlər barədə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə ilkin məlumat ötürür. Maddi-texniki təminat şöbəsi bu məlumatlar əsasında keçiriləcək tədbirin ilkin maliyyə xərclərini hesablayır və Mərkəzə təqdim edir.
268.4.  Bundan sonra Mərkəzin rəisi əsaslandırılmış təqrirlə Baş prokuror qarşısında həmin tədbirin keçirilməsi məsələsini qaldırır. Təqrirdə keçirilməsi proqnozlaşdıran tədbirin mövzusu, forması, tarixi, yeri, iştirak edəcək şəxslərin dairəsi, tədbirin maliyyə xərcləri və sair məsələləri öz əksini tapır. Təqrirə tədbirin ilkin konsepsiyası və proqram layihəsi əlavə edilir. Baş prokurorun məsələyə müsbət rəyi olduqda, tədbirin keçirilməsinə hazırlıq işləri başlanılır. Həcmindən asılı olaraq, tədbirin keçirilməsinə hazırlıq işləri Mərkəzə, Baş Prokurorluğun digər struktur qurumlarına və başqa prokurorluq orqanlarına tapşırılır.
268.5.  Hazırlıq işləri çərçivəsində tədbirin lazımı səviyyədə keçirilməsi üçün məsul şəxslər prokurorluğun bütün imkanlarından istifadə edə bilərlər. Tədbirin son konsepsiyası hazırlanır, tədbirdə iştirak edəcək şəxslərə dəvət məktubları və ilkin proqramı göndərilir, alınmış cavablar dəyərləndirilir, tədbirin son proqramı hazırlanır. Tədbir keçirilərkən tədbir barədə ictimaiyyətə məlumat verilir, onun nəticəsi Mərkəzin rəisi tərəfindən Baş prokurora məruzə edilir və Mərkəzin gələcək fəaliyyətində istifadə olunur.

269. Dövri elmi-praktiki jurnalın və digər mətbu nəşrlərin hazırlanması

269.1.  Mərkəz prokurorluğun müsbət iş təcrübəsinin yayılması, habelə prokurorluğun fəaliyyəti haqqında ictimai fikrin formalaşması məqsədilə dərc edilən “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının fəaliyyəti üçün məsul qurum kimi müəyyən edilir.
269.2.  Həmçinin Mərkəz prokurorluğun işinin təşkilinin elmi əsaslarını təbliğ etmək, nəzəri problemlərə diqqəti artırmaq, habelə elmi və praktiki nailiyyətlər, müasir texnologiyalar barədə məhkəmə və hüquq mühafizə orqanlarının işçilərini məlumatlandırmaq məqsədilə dövri mətbu nəşrlər hazırlayır.
269.3.  Bu mətbu nəşrlər “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təsis edilərək, fəaliyyət göstərirlər. Mətbu nəşrlərin redaksiya heyəti Baş prokurorun müvafiq sərəncamı ilə təsdiq edilir. Onların çapı dövri olmaqla il ərzində 2 dəfədən az olmayaraq həyata keçirilir. Mətbu nəşrlərdə istiqamətindən asılı olaraq, prokurorluğun fəaliyyəti haqqında məlumatlarla yanaşı, müsbət iş təcrübəsi, elmi və praktiki məqalələr, hüquqi kazuslar və onların həlli qaydaları, o cümlədən prokurorluq orqanları üçün əhəmiyyət kəsb edə biləcək beynəlxalq təcrübəyə dair məlumatlar dərc olunur.
269.4.  Prokurorluq işçiləri, o cümlədən digər qurumların əməkdaşları, hüquq sahəsində tədqiqat aparmış hüquqşünaslar hazırladıqları məqalələri və ya tədqiqat materiallarını dərc edilməsi məqsədilə mətbu nəşrlərin redaksiya heyətlərinə yazılı qaydada müraciət edə bilərlər. Müraciətlər redaksiya heyətlərin müvafiq katibləri tərəfindən toplanaraq, baxılması üçün hər ayın sonuncu həftəsinin cümə günü keçirilən redaksiya heyətlərinin iclasına təqdim olunur. Müvafiq qərar qəbul olunarkən mövzunun müasir və ümumkonseptual problemlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən orijinal məqalələrin dərcinə üstünlük verilir. Məqalələrlə yanaşı, daxil olmuş kazuslar redaksiya heyətinin (zəruri hallarda digər prokrurorluq qurumlarının əməkdaşları cəlb olunmaqla) müzakirə obyekti olaraq, ətraflı cavabı və ya həlli mexanizmi ilə dərc edilir. Məqalə və digər müraciətlərin nəşrinə dair qərar barədə (imtina əsasları göstərilməklə) katib tərəfindən qərarın qəbul edildiyi vaxtdan 5 gün müddətində müəllifə məlumat verilir. İmtina qərarı müəllifin yenidən redaksiya heyətinə müraciət hüququnu məhdudlaşdırmır.
269.5.  Mətbu nəşrlər çapa hazır olduqda məsul katiblərin müraciəti əsasında Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsi həmin nəşrlərin çapı ilə əlaqədar maliyyə, təchizat və digər məsələləri həll edir.

270. Maarifləndirmə işləri
270.1. Aktual olan hüquq sahələri üzrə elmi və praktiki məqalələr hazırlayaraq, həmin məqalələri “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalında və prokurorluğun digər mətbu nəşrlərində, habelə əməkdaşlıq etdiyi yerli və xarici ölkələrin hüquq-mühafizə təhsil müəssisələrinin dövri nəşri vasitələrində çap etdirməklə, Mərkəz hüquqi biliklərin təbliğini həyata keçirir. Bu məqsədlə Mərkəzdə məqalələrin hazırlanaraq, dərc olunması ilə bağlı görülən işlərə dair illik plan tərtib oluna bilər. 270.2. Prokurorluq işçiləri arasında maarifləndirmə işinin aparılması üçün Mərkəzin vebsaytından istifadə olunur. Bunun üçün həmin platformada ayrıca proqram təminatı əsasında fərdi, eləcə də kollektiv şəkildə (forum) işləyən informasiya sistemləri qurula bilər.

271. Müxtəlif komissiyaların fəaliyyətində iştirak

271.1.  Mərkəzin işçiləri müxtəlif komissiyaların, işçi qrupların, ekspert müşavirələrinin fəaliyyətində Baş prokurorun tapşırığına, Baş Prokurorluğun fəaliyyət və digər planlarına, Baş Prokurorluğun Kollegiyasının və Baş prokurorun yanında Əməliyyat müşavirəsinin qərarlarına əsasən iştirak edirlər.
271.2.  Göstərilən formalarda fəaliyyət zamanı Mərkəzin işçisi Mərkəzin rəisinin razılığı ilə əvvəlcədən müəyyən edilmiş qrafik üzrə Mərkəzin əsas vəzifə və funksiyalarından müvəqqəti azad olunur. Komissiyaların, işçi qrupların, ekspert müşavirələrinin fəaliyyəti zamanı Mərkəzin işçisi fəallıq göstərir və həmin iş sahəsi üzrə Mərkəzin mövqeyini nümayiş etdirir.
271.3.  Komissiyaların, işçi qrupların, ekspert müşavirələrinin fəaliyyəti başa çatdıqda, Mərkəzin işçisi görülmüş işlərin nəticəsi barədə arayışla idarə rəisini məlumatlandırır və Mərkəzdəki əsas vəzifələrinin icrasını davam etdirir.