Çıxarış

Prokurorluq orqanlarında qulluq keçmə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 4. Prokurorluğa qulluğa qəbulun şərtləri və qaydaları
4.4-1. Prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun elm-tədris mərkəzində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər prokurorluğa qulluğa qəbul edilirlər.

Maddə 13. Prokurorluq işçilərinin peşə hazırlığının artırılması və əlavə təhsili
13.1. Prokurorluq orqanlarını ixtisaslı kadrlarla təmin etmək, işçilərin nəzəri və peşə hazırlığını artırmaq məqsədilə ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq təhsil sistemindən və digər tədbirlərdən istifadə olunur. Peşə hazırlığının təşkili prokurorluğun tədris planları və proqramlarına uyğun aparılır.
13.2. Prokurorluq işçisinin öz ixtisasını artırması onun qulluq borcu, işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması üçün tədbirlər görülməsi rəhbər prokuror işçilərinin qulluq vəzifəsidir. İşçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı onun təhsilə münasibəti, nəzəri və peşə hazırlığı nəzərə alınır.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 29 iyun 2001-ci il
№ 167-IIQ