Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfransında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin nümayəndələri iştirak etmişlər

Uzun müddət ərzində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə elmi-tədqiqat sahəsində əməkdaşlıq edir. Qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi hər iki qurumun tədris potensialına müsbət təsir göstərir. Belə münasibətlərin davamı olaraq 27 dekabr 2022-ci il tarixdə Polis Akademiyasında keçirilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov və şöbə prokuroru Rəşad Qasımov iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Polis Akademiyasında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymuşdur. Sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılaraq, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə BMT-nin İnsan Hüquqları Ali Komissarlığının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Milli Məclisin, Ombudsman Aparatının, Konstitusiya Məhkəməsinin, Baş Prokurorluğunun, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdirlər.
Konfransda 20 ölkədaxili qurumdan 35 əməkdaş birbaşa, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Belarus və Qazaxıstan Respublikalarının 14 təhsil müəssisəsindən 18 əməkdaş onlayn formatda iştirak etmişdilər.
Tədbirdə Mərkəzin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru  Rəşad Qasımov tərəfindən iştirakçılara “Milli və beynəlxalq müstəvidə mənzil toxunulmazlığı hüququnun qorunması” mövzusunda məruzə ilə çıxış edilmişdir.
Konfransda həmçinin Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti Akademiyalarının, Ədliyyə Nazirliyinin, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, həmçinin Türkiyə, Rusiya Federasiyası və Belarus Respublikasının nümayəndələri çıxış etmişdilər.
Daha sonra mövzu ətrafında yerli və xarici iştirakçıların təqdimatları dinlənilərək, insan hüquq və azadlıqlarının təmin olunmasının demokratik ölkələrin əsas hədəflərindən biri olduğu vurğulanmışdır.
Sonda bəyannamə oxunub, iştirakçılara konfrans materialları və sertifikatlar təqdim edilmişdir.