“İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə və “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatlar təqdim olunub”

Fevralın 15-də Baş Prokurorluqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Prokurorluğu üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilmiş “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər bir dövlət təsisatında olduğu kimi prokurorluq orqanlarında da prioritet məsələlər sırasında yer tutduğunu bildirib.
Kadr korpusunun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində kompleks islahatların aparıldığını qeyd edən Baş prokuror qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin gücləndirilməsi, istintaq və dövlət ittihamının müdafiəsi sahəsində səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb.
Daha sonra qeyd olunan müsabiqələrin təşkili və keçirilmə qaydası barədə “İlin ən yaxşı müstəntiqi” Müsabiqə komissiyasının sədri-Baş prokurorun birinci müavini Elçin Məmmədov və “İlin ən yaxşı dövlət ittihamçısı” Müsabiqə komissiyasının sədri-Baş prokurorunun müavini Heydər Məmmədov çıxış edərək ətraflı məlumat veriblər.
Müsabiqələrin nəticələrinə əsasən “İlin ən yaxşı müstəntiqi” seçilmiş Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Fərrux Əzimli və “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Müşfiq Rəhimova Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.
Mərasim zamanı, həmçinin, xidməti vəzifələrinin icrasında fərqlənmiş, o cümlədən əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilən qəsdən adam öldürmə cinayətlərinin açılmasında peşəkarlıq göstərmiş bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim edilib.
Xüsusi vurğulanmışdır ki, Ulu öndər “Heydər Əliyev İli” çərçivəsində mükafatlara layiq görülmüş əməkdaşlar öz məsuliyyətini dərk etməklə bundan sonra da xidməti fəaliyyətlərində səmərəliliyin yüksəldilməsinə və işin daha effektiv təşkilinə çalışacaqlar.