KATİBLİK

Etik Davranış Komissiyasının fəaliyyəti – 2022

2022-ci il ərzində Etik Davranış Komissiyası tərəfindən 9 xidməti araşdırma materialına baxılmışdır. Baxılmış materiallardan 1-i Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin işçisi, 1-i Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin işçisi, 1-i Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin işçisi, 1-i Hərbi Prokurorluğun İstintaq İdarəsinin işçisi, 1-i Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin işçisi, 1-i Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin işçisi, 1-i Bakı şəhər prokurorluğunun və tabe rayon prokurorluğunun işçiləri (2 nəfər - Bakı şəhər prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin və Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin işçiləri, 1 nəfər Nəsimi rayon prokurorluğunun işçisi), 1-i Bakı şəhəri Xətai rayon prokurorluğunun işçisi, 1-i Gəncə şəhər prokurorluğunun işçisi barəsində olmuşdur.
Baxılmış 9 haldan 6-sında xidməti araşdırmanın aparılması üçün səbəb vətəndaşın müraciəti, 1 halda Etik Davranış Komissiyası sədrinin təqriri, 1 halda Bakı şəhəri Nizami rayon prokurorunun təqriri, 1 halda Mətbuat Xidməti rəhbərinin təqriri olmuşdur.
Etik Davranış Kodeksinin tələblərini pozaraq prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiklərinə görə Baş prokurorun əmri ilə 3 işçi barəsində töhmət, 2 işçi barəsində şiddətli töhmət, 4 işçi barəsində tutduğu vəzifədən azad etmə intizam tənbehi tətbiq edilmiş, “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin müddəalarına dönmədən əməl olunması tələb edilməklə, gələcəkdə bu cür nöqsanlara yol verəcəkləri təqdirdə barələrində daha ciddi tədbirlərin görüləcəyi 2 işçinin nəzərinə çatdırılmışdır.

Etik Davranış Kodeksinin təkmilləşdirilməsi

Baş prokurorun 30.12.2021-ci il tarixli 15/29 №-li Sərəncamının icrası nəticəsində Mərkəz tərəfindən hazırlanmış “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi”nin yeni layihəsi 18 vərəqdə olmaqla, əsas mətni 5 bölməyə, 11 fəslə və 46 maddəyə bölünmüşdür. Ümumi müddəalar fəsli kodeksin əhatə dairəsini və məqsədlərini, habelə etik davranış qaydalarının hüquqi tənzimlənməsi məsələlərini əhatə edir. 2-ci fəsil isə insanların hüquq və azadlıqlarına, habelə hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, şəffaflıq, ədalətlilik, obyektivlik, qərəzsizlik, konfidensiallıq, loyallıq, vicdanlı davranış, mədəni davranış, ictimai etimad, peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsiplərini ehtiva edən normaları əhatə edir. 3-cü fəsil normal iş mühiti, iş vaxtı, geyim qaydası, əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi, dövlət əmlakından və xidməti informasiyadan istifadə, korrupsiyanın yolverilməzliyi və maraqların toqquşması ilə bağlı davranışın xüsusiyyətlərinə dair müddəaları özündə cəmləşdirir. Beynəlxalq qanunvericilik aktları təhlil edilməklə hazırlanmış 4-cü fəsil bilavasitə cinayət təqibini həyata keçirən prokurorluq işçisinin davranışının ümumi və xüsusi qaydalarını nəzərdə tutur. 5-ci fəsildə xidmətdən kənar fəaliyyətin anlayışı, ictimai fəaliyyət, siyasi fəaliyyət, dini fəaliyyət, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti üzrə məsələlərə aydınlıq gətirilmişdir. 6-cı fəsildə ailə, məişət, maliyyə məsələləri və sosial mediada davranış tələbləri öz əksini tapmışdır. Münasibətlərə həsr olunmuş IV bölmə öz növbəsində 3 fəsilə bölünərək zorakılıq və qısnama təzahürlərinin yolverilməzliyi ilə bağlı məsələləri, prokurorluq işçisinin tabeliyində olan işçilərlə, rəhbərliklə, həmkarları, məhkəmə, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə, habelə media subyektləri ilə, vətəndaşlarla və xarici ölkə qurumları ilə münasibətlərinin xüsusiyyətlərini əhatə etmişdir. 10-cu fəsil etik davranış qaydalarına riayət olunması ilə əlaqədar təminat sistemini və nəzarət funksiyası məsələlərini, 11-ci fəsil isə etik davranış qaydalarının pozulmasına görə məsuliyyət məsələlərini əhatə edir. Kodeksin yeni layihəsi münasibət bildirilməsi üçün Baş Prokurorluğun struktur qurumlarına, eləcə də Respublika Hərbi Prokurorluğuna və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, daxil olmuş 100-dən artıq təklif müqayisəli şəkildə təhlil edilməklə yenilənmiş layihə ekspertizadan keçirilməsi üçün Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinə göndərilmişdir.
Baş prokurorun 27.12.2022-ci il tarixli 15/38 №-li Əmri ilə “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi” təsdiq edilmişdir.

Etik Davranış sahəsində prokurorluq işçilərinin tədrisi

Mərkəz tərəfindən tədris tədbirləri təşkil edilərkən prokurorluq işçilərinə etik davranış sahəsi ilə bağlı mövzular üzrə məşğələlərin keçirilməsinə xüsusi diqqət yetirilir, prokurorluq işçilərinin xidmət etdikləri orqana layiq davranış etmələri üçün zəruri tədbirlər həyata keçirilir.

Belə ki, prokurorluq işçilərinə “Prokurorluqda vətəndaşların qəbulu zamanı peşəkar davranışın mənəvi və psixoloji aspektləri” adlı seminar çərçivəsində 29.03.2022-ci ildə “Dövlət qulluğunda vətəndaşların qəbulu zamanı etik dəyərlər və davranış standartları”, 31.03.2022-ci ildə “Vətəndaşların qəbulu zamanı peşəkar davranışın mənəvi aspektləri”, “Natiqlik və sosial media ilə ünsiyyət” adlı birgə təlim çərçivəsində 14.04.2022-ci ildə “Prokurorluq orqanlarında sosial media və ictimaiyyətlə ünsiyyətdə etik dəyərlərin qorunması”, hazırlıq kursu çərçivəsində 11.05.2022-ci ildə “Etik Davranış Kodeksinin tətbiqi təcrübəsi” mövzularında mühazirə və təqdimatlarla çıxışlar edilmişdir. Həmçinin təqdimatların keçirilməsi məqsədilə Etik Davranış Komissiyasında baxılmış icraat materiallarından nümunələr də hazırlanmışdır.