TƏDQİQATLAR

Dövlət qulluqçularının, o cümlədən prokurorların etik davranış qaydaları

Azərbaycan Respublikası prokurorluğu işçilərinin Etik Davranış Kodeksinin yeni layihəsinin hazırlanması çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən katiblik funksiyası həyata keçirilən Etik Davranış Komissiyasının fəaliyyətinin dövri ümumiləşdirmə materialları, kollegiya iclasları, eləcə də əməliyyat müşavirələrində verilən göstərişlər bir daha nəzərdən keçirilmiş, hazırda ölkəmizdə qüvvədə olan müxtəlif dövlət orqanları və peşə sahiblərinin, o cümlədən dövlət qulluqçuları, hakim, daxili işlər, gömrük, vergi, ədliyyə orqanları, vəkil, neft fondu, ASAN xidmət, eləcə də digər qurumların etik davranış kodeks və qaydaları ilə təsbit edilmiş ən mütərəqqi müddəalar öyrənilmişdir.

Bundan əlavə, layihə hazırlanarkən bir sıra Avropa ölkələri  prokurorlarının etik davranış qaydaları, habelə Cinayətin qarşısının alınması və cinayətkarlarla rəftar üzrə Birləşmiş Millətlər Təşkilatının Səkkizinci Konqresi tərəfindən qəbul edilmiş Prokurorların Roluna dair Təlimatın (Havana prinsipləri), Dövlət Prokurorları üçün Etika və Davranış üzrə Avropa Təlimatları (Budapeşt qaydaları), Hakimlərin davranışına dair Banqalor prinsipləri, eləcə də digər mühüm beynəlxalq sənədlərin tələbləri rəhbər tutularaq, təhlil nəticəsində Etik Davranış Kodeksinin yeni layihəsi hazırlanaraq, sənədə münasibət bildirilməsi üçün Baş Prokurorluğun struktur qurumlarına, eləcə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.
Layihə ilə əlaqədar qeyd olunan qurumlardan ümumilikdə 100-dən artıq təklif daxil olmuş, onların hər biri müqayisəli şəkildə təhlil edilməklə, mütləq əksəriyyəti qəbul edilmişdir. Qəbul edilmiş təkliflər nəzərə alınmaqla, Etik Davranış Kodeksinin yenilənmiş və daha da təkmilləşdirilmiş layihəsi hazırlanmışdır.