Prokurorluğun fəaliyyəti ilə bağlı olan proqram və planların icrası – 2022

Baş Prokurorluğun Fəaliyyət Planının icrası
Baş Prokurorluğun 2022-ci ilə dair Fəaliyyət Planlarında nəzərdə tutulmuş və icrasına məsul qurum kimi Elm-Tədris Mərkəzi (bundan sonra – Mərkəz) müəyyən edilmiş bütün tədbirlər vaxtında və tam icra edilmişdir. Belə ki, birinci yarımilə dair Fəaliyyət Planının 4-cü bəndinin icrası ilə əlaqədar hazırlanmış rayon (şəhər) prokurorluqlarında işləyən dövlət qulluqçularının nümunəvi vəzifə təlimatların layihələri üzə təkliflər Kadrlar idarəsinə göndərilmiş; həmin planın 11-ci bəndinə əsasən prokuror və prokuror köməkçiləri üçün kurs təşkil edilmiş; eləcə də planın 16-cı bəndində nəzərdə tutulmuş tədbirin icrası istiqamətində KİV ilə əlaqələrə görə məsul prokurorluq işçilərinin iştirakı ilə təlim keçirilmişdir. İkinci yarımilə dair Fəaliyyət Planının 15-ci bəndinə əsasən, ötən illərdən bağlı qalmış və son illər açılması təmin edilmiş qəsdən adam öldürmə cinayətlərinə dair cinayət işlərinin təhlil edilməsində, qabaqcıl istintaq təcrübəsinə əsaslanan metodiki vəsaitin hazırlanmasında Mərkəzin işçiləri yaxından iştirak etmiş, Fəaliyyət Planının 19-cu bəndinə uyğun olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət təqibini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməliyyat-axtarış fəaliyyətinin subyektləri üçün təlim təşkil edilmiş, Fəaliyyət Planının 24-cü bəndinə görə isə medianın və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyalarını əhatə edən treninqlər keçirilmişdir. Eyni zamanda hər iki planın ilk iki bəndlərinə uyğun olaraq hesabat dövründə Mərkəzdə görülmüş işlər təhlil edilərək, onların yekunlarının əməliyyat iclasında müzakirə olunması və nəticələrindən asılı olaraq zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Mərkəzin İş planının icrası
Mərkəzin 2022-ci il üzrə hər iki İş planına əsasən görülmüş işlərin praktiki nəticələri tədris prosesinə müsbət təsir göstərmiş, elmə və hüquqa əsaslanan nəşrlərin hazırlanmasına şərait yaratmışdır. Belə ki, prokurorluq orqanlarına qulluğa qəbul olunmuş və stajorluq keçən işçilər üçün hazırlıq kursu təşkil edilmiş, “Prokurorluq orqanlarında peşə hazırlığı” adlı metodiki vəsait və iclas materialları əsasında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurası” adlı məlumat toplusu hazırlanaraq dərc edilmiş, “Baş Prokurorluğun Elektron Kitabxanası”nın əməliyyat sisteminin mobil cihazlarda işləməsi üçün texniki imkan yaradılmış, üzərində zorakılıq əlamətləri olmayan naməlum insan meyitlərinin aşkar edilməsi faktları ilə bağlı ilkin yoxlama və ibtidai araşdırma aparılması təcrübəsinin təhlili əsasında metodiki tövsiyə hazırlanmış, Mərkəzin vebsaytı yaradılmış, hüquqşünaslıq ixtisası üzrə tələbələr arasında “Hüquq viktorinası” adlı müsabiqə, cinayət təqibindən kənar fəaliyyətlə əlaqədar tabe prokurorların yeni köməkçiləri üçün treninq keçirilmiş, “Azərbaycan Respublikasında prokurorun hüquqi statusu” mövzusunda elmi tədqiqatın yekunu üzrə rus dilində məlumat xarakterli kitab nəşrə hazırlanmışdır.

Prokurorluğun fəaliyyəti ilə bağlı olan digər proqram və planların icrası

Fəaliyyət və İş planları ilə yanaşı 2022-ci il ərzində prokurorluğun fəaliyyəti ilə bağlı olan digər proqram və planlarda Mərkəzin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə səy göstərilmişdir.
Belə ki, Baş Prokurorluğun 24.01.2022-ci il tarixli Geniş Kollegiya iclasının qərarına əsasən təşkil edilmiş tədris tədbirlərinə digər hüquq mühafizə orqanlarının əməkdaşları dinləyici qismində cəlb edilmiş, “İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı”nın (İHSAP) fəaliyyəti ilə işçilər yaxından tanış edilmiş, Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin, eləcə də müvafiq sahə üzrə yuxarı prokurorluqların işçiləri üçün vətəndaşların qəbulu zamanı peşəkar davranışın mənəvi və psixoloji aspektləri ilə bağlı seminar keçirilmiş, “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin keçirilməsi vaxtında və uğurla başa çatdırılmış, “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlim təşkil edilmişdir.
10.02.2022-ci ildə təsdiq edilmiş “2022-ci il üçün prokurorluq orqanları qarşısında duran vəzifələrin icrasına dair” Tədbirlər Planına əsasən də müvafiq işlər görülmüşdür. Məsələn, stajorluq keçən işçilər üçün keçirilmiş hazırlıq kursu çərçivəsində gənc prokurorluq əməkdaşlarının səhnələşdirilmiş hadisə yerinə baxışın və dronla çəkilişin aparılmasında iştirakı təmin edilmiş, təcrübə mübadiləsi məqsədilə onlar tabe prokurorluqlarda real şəraitdə keçirilən prosessual hərəkətləri müşahidə etmişlər. Habelə, Elmi-Məsləhət Şurasının iclaslarında aktual problemlərin müzakirəsi aparılmış, “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin keçirilmə qaydaları təkmilləşdirilmiş, icbari təlimə cəlb edilmiş şəxslərin əsas iş yerindən ayrılması ilə bağlı qanunvericilik təşəbbüsü göstərilmiş, Ədliyyə Akademiyası ilə birgə təlimlər təşkil edilmiş, Özbəkistan Respublikasının Baş Prokurorluğunun Akademiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanmış, prokurorluq işçilərinin Etik Davranış Kodeksinin yeni layihəsi hazırlanmışdır.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Baş prokurorun 29.04.2022-ci il tarixli 15/34 №-li əmri ilə təsdiq edilmiş Tədbirlər planına əsasən, ölkə üzrə əhatəli antikorrupsiya tədris modulunun hazırlanması ilə əlaqədar təkliflər paketi hazırlanaraq Təhsil Nazirliyinə göndərilmiş, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq gücləndirilmiş, tədris prosesinə qeyri-hökumət təşkilatlarının nümayəndələri cəlb edilmiş, Elmi-Məsləhət Şurasının iclaslarında onların iştirakları təmin edilmiş, planın digər bəndləri ilə əlaqədar təkliflər hazırlanaraq icrasına məsul qurumlara təqdim edilmişdir.
Baş Prokurorluğun 22.07.2022-ci il tarixli Geniş Kollegiya iclasının qərarının tələbləri nəzərə alınaraq altı tədris tədbiri təşkil edilmiş, Elmi-Məsləhət Şurasının tərkibi genişlənərək iclaslarında hüquq yaradıcı və hüquq tətbiqedici fəaliyyət həyata keçirən qurum nümayəndələrinin iştirakı təmin edilmiş, iclas çərçivəsində müsabiqə qaliblərinə sertifikatlar təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27.11.2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020 – 2023-cü illər üçün Milli Fəaliyyət Planı” üzrə Mərkəz tərəfindən görülmüş işlərə dair hesabat hazırlanaraq Təşkilat və icraya nəzarət idarəsinə təqdim edilmişdir.
BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi üzrə Azərbaycan Respublikasına münasibətdə qəbul edilən tövsiyələrin icra vəziyyətinə dair Mərkəzin gördüyü işlərə dair hesabat hazırlanaraq Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinə təqdim edilmişdir.
Avropa Şurasının İllik Cəza Statistikasının (SPACE) 2021-ci il üzrə hesabatı ilə əlaqədar qətimkan tədbiri qismində həbsin qanuni və düzgün tətbiqi sahəsində Mərkəz tərəfindən görülmüş işlərə dair geniş məlumat Prokurorluqda istintaqa nəzarət idarəsinə təqdim edilmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 2022-ci il may ayının 18-dən iyun ayının 18-dək keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Mərkəzdə görülmüş işlərə dair hesabat hazırlanaraq Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinə təqdim edilmişdir.
Sosial media platformalarında və mediada yayılan məlumatlar izlənilərək prokurorluğun adından saxta hesabların yaradılması, cinayətlərin törədilməsi barədə internetdən əldə edilmiş məlumatlar Nigar Əskərova tərəfindən Daimi Monitorinq Qrupuna göndərilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 – 2024-cü illər üçün Baş Prokurorluq üzrə təsdiq edilmiş Tədbirlər Planı”na əsasən maarifləndirmə məqsədilə görülmüş işlərə dair hesabat Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə təqdim edilmişdir.

Azərbaycanda əmlakın bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi çərçivəsində təşkil olunan iclaslarda Əmir Ocaqverdiyev iştirak edərək layihənin icrası ilə bağlı təkliflər vermişdir.